"YouTube"da mesajlaşmaq olacaq

"YouTube" mobil tətbiqində tamamilə yeni mesajlaşma funksiyasını test etməyə başlayıb.

Olaylar.az xəbər verir ki, yenilik istifadəçilərə video göndərmək və həmin videolar barədə birbaşa tətbiq daxilində yazışmaq imkanı verəcək.

"Google" bu funksiyanın hazırda yalnız İrlandiya və Polşada 18 yaşdan yuxarı məhdud sayda istifadəçi üçün aktiv olduğunu açıqlayıb. Yeni xüsusiyyət bütün video formatlarını əhatə edir. Buraya adi videolar, Shorts və canlı yayımlar daxildir.

Şirkətin məlumatına görə, iştirakçılar videoları əvvəlki kimi digər tətbiqlər vasitəsilə də paylaşa biləcəklər. Lakin tətbiq daxilində göndərilən mesajlar icma qaydalarına uyğunluq baxımından avtomatik olaraq yoxlanıla bilər.

Təcrübə istifadəçilərinin tətbiqdə "Mesajlar" adlı yeni bölməsi yaranacaq. Video göndərmək üçün bildiriş işarəsinə toxunmaq, "Videoları paylaşmaq üçün istifadəçiləri dəvət et" seçimini seçmək və xüsusi dəvət linki göndərmək kifayət edir. Qarşı tərəf dəvəti qəbul etdikdən sonra yazışma və video paylaşımı birbaşa YouTube-da aparılacaq. Dəvət linklərinin 7 gün etibarlılığı var.

Google funksiyanın geniş auditoriya üçün nə vaxt əlçatan olacağı barədə hələlik məlumat paylaşmır. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31