Azərbaycan və Şimali Kipr arasında münasibətlər daha da inkişaf edir - Ufuq Turqaner
19:11 SosialNoyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan qəhrəman əsgərlərimizə, şəxsən öz adımdan və Kipr Türk xalqı adından Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı və səbir diləyirəm.
Olaylar xəbər verir ki, bu fikirləri bu gün Bakıda Şimali Kipr Cümhuriyyətinin 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə Şimali Kipr Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuq Turqaner çıxışı zamanı deyib.
O qeyd edib ki, Kipr Türk xalqının azadlıq mübarizəsinin ən mənalı bəhrəsi, suverenliyimizin və müstəqilliyimizin güclü ifadəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 42-ci ildönümünü hər il olduğu kimi, bu il də qardaş Azərbaycanda qeyd edirik. Azərbaycan və Şimali Kipr arasındakı münasibətlər hər il daha da inkişaf edir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylər göstərilir və bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdiriləcək:
"Kipr Türk xalqı olaraq 8 Noyabr şanlı Qarabağ Zəfərinin 5-ci ildönümünü münasibətilə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir yumruq kimi birləşən qardaş Azərbaycan xalqının və qəhrəman Azərbaycan Ordusunun qələbəsini təbrik edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda yorulmadan mübarizə aparan, canını vətən torpağı uğrunda fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzulayıram".
Onun sözlərinə görə, 1960-cı ildə qurulan Kipr Respublikası beynəlxalq müqavilələrə əsasən adanın iki xalqı - Kipr Türk və Kipr Rum icmaları arasında bərabər siyasi hüquq və statusa malik ortaq dövlət kimi yaradılmışdı:
"Lakin Kipr Rum tərəfi 1960-cı il razılaşmalarına uyğun şəkildə birgəyaşayışa imkan verməmiş, bu razılaşmalarla yaradılan Kipr Respublikasının quruluşunu dəyişdirərək Kipr türklərini dövlət idarəçiliyindən uzaqlaşdırmaq, təcrid etmək, adadakı varlıqlarına son qoymaq və nəhayət Yunanıstanla birləşmək - Enosis yolunu açmaq məqsədilə addımlar atıb".
U. Turqaner vurğulayıb ki, Kipr Türk xalqı 1963-cü ildə 1960-cı il ortaq Respublikadan silah gücü ilə uzaqlaşdırıldıqdan sonra 11 il ərzində Kipr Rum tərəfinin bütün təzyiqlərinə və zülmlərinə qarşı böyük inamla müqavimət göstərib.
"Ana Vətənimiz Türkiyə Cümhuriyyətinin 1960-cı il müqavilələrindən irəli gələn zəmanət hüququnu istifadə edərək, 20 iyul 1974-cü il Sülh Hərəkatını həyata keçirməsi nəticəsində Kipr Türk xalqı azadlığına qovuşub", - deyə o əlavə edib.