Tənənəm kəndi – abadlıq, birlik və dəyərlərin ünvanı- FOTOLAR

 

Şərur rayonundan reportaj

Şərur rayonunun qədim yaşayış məntəqələrindən biri olan Tənənəm kəndi bu gün həm tarixi kökləri, həm də müasir inkişafı ilə seçilən kəndlər sırasındadır. Qədim adət-ənənələrini qoruyub saxlayan Tənənəm, son illərdə aparılan abadlıq və yenidənqurma işləri sayəsində daha da gözəlləşib.

Abadlıq işlərində dövlət dəstəyi və yerli təşəbbüs

Kənddə həyata keçirilən genişmiqyaslı abadlıq tədbirləri nəticəsində yollar yenilənib, ictimai obyektlər təmir olunub, yeni xeyir-şər evi tikilib. Bu işlərin uğurla aparılmasında Prezidentin Naxçıvan Muxtar Respublikasındakı keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və bu kəndin yetişdirməsi, ictimai fəal Anar Həsənovun böyük əməyi var. Onların dəstəyi və təşəbbüsü ilə Tənənəm kəndi bu gün regionun ən abad yaşayış məntəqələrindən birinə çevrilib.

Kəndin ağsaqqalları - dəyərlərin qoruyucuları

Tənənəmin ictimai həyatında ağsaqqalların rolu hər zaman xüsusi olub. Hacı Nəsrulla Hüseynov, Nəsrulla Qafarov, Allahverdi İbrahimov, Əli Salmanov, Əli İsmayılov, Telman Allahverdiyev, Naib Eyvazov, Etibar Əliyev, Süliddin Həsənov kimi müdrik insanlar kəndin birliyinin, həmrəyliyinin qorunmasında mühüm rol oynayıblar. Onların məsləhətləri və nəsihətləri gənclər üçün hər zaman örnək sayılır.

Fədakar insanların əməyilə formalaşan birlik

Bu kəndin inkişafında adları çəkilməyə layiq çoxsaylı fədakar insanlar da var. Onların sırasında İsa Həsənov, Məhərrəm Əliyev, İsmayıl və Dərdayıl Dünyamalıyev qardaşları, Rufan Allahverdiyev, Yusif Əluquliyev, Elman Allahverdiyev, Şövqü İsmayılov, Ramin Vəliyev xüsusi yer tuturlar. Hər biri öz sahəsində nümunəvi fəaliyyət göstərərək kəndin sosial və ictimai həyatına töhfə verib, Tənənəmin müasir görkəminin formalaşmasına əmək sərf edib.
Maarif və mədəniyyət sahəsində xidmətlər

Tənənəmdə təhsilin və maarifin inkişafında kənd məktəbinin direktoru Nazım Eyvazovun və təqaüdçü, kəndin ağsaqqalları Sabir və Mustafa Eyvazov qardaşlarının, Bəradər Paşayev Nağı Cəfərov, İlham Cəfərov müəllimlərin xidmətləri danılmazdır. Onlar uzun illər maarifçilik sahəsində çalışaraq kəndin elmə bağlı gənclərinin yetişməsində mühüm rol oynayıblar.

Gözəllik və dəyərlərin vəhdəti

Bu gün Tənənəm kəndi həm təbiətinin gözəlliyi, həm də sakinlərinin mehribanlığı ilə fərqlənir. Burada keçmişin dəyərləri qorunaraq müasir dövrün inkişafı ilə vəhdət təşkil edir. Əməksevərlik, doğmalıq və qarşılıqlı hörmət Tənənəmin ən əsas xüsusiyyətlərindəndir.

Kəndin qədimliyi və mənəvi dəyərləri Pir Süleyman Piri ilə daha da möhkəmlənir. Bura həm kənd camaatının, həm də qonşu kəndlərdən gələn ziyarətçilərin müqəddəs məkanı sayılır. İnsanlar burada dua edir, niyyət tutur və inancına sadiq qalır.

Tənənəmdə adət-ənənələr bu gün də qorunub saxlanılır. El şənlikləri, toy mərasimləri, Novruz tonqalları, elat xatirələri kəndin mədəni ruhunu yaşadır. Kənd camaatı əməksevər, mehriban və qonaqpərvərdir.

Lakin bu cənnət guşə bir çətinliklə də üz-üzədir - su problemi. Yay aylarında içməli və təsərrüfat suyu çatışmazlığı kənd sakinlərini narahat edir. Buna baxmayaraq, tənənəmlilər təbiətin çətinliklərinə qarşı mübarizə aparmağı, torpağa sədaqətlə bağlı qalmağı bacarırlar.

Müəllif: Bilman İSAQ






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31