Şüuraltı insanın görünməyən xəritəsidir

Şüuraltı terapevt: Bədənimiz və ruhumuz bizə daim mesaj verir, sadəcə dinləməyi bacarmalıyıq

İnsanın şüuru, duyğuları və davranışları görünən səthdə baş verənlərdən çox-çox dərindir. Bəzən nə üçün eyni səhvləri təkrarladığımızı, nəyə görə bəzi qorxulardan xilas ola bilmədiyimizi və ya həyatımızda eyni vəziyyətlərin təkrarlanmasını anlamırıq. Cavab isə çox zaman şüuraltında - uşaqlıqdan formalaşan inanclarımızda, qorxularımızda və yaddaşımıza həkk olunmuş travmalarda gizlənir. Müasir psixologiyanın ən maraqlı istiqamətlərindən biri olan şüuraltı terapiya məhz bu görünməyən qatlarla işləyərək insanın daxili potensialını üzə çıxarmağa, özünü daha dərindən tanımasına kömək edir.

Şüuraltı terapevt Nigar Səfərova  insan şüurunun dərinliklərinə yönəlmiş bu sahənin incəliklərindən, terapevtin "görünməz alətləri"ndən və insanın özünü tanımaq yolunda atdığı addımların həyatdakı dəyişikliklərə necə gətirib çıxardığından danışdı. Nigar Səfərova bildirir ki, hər bir fərdin qorxuları, inamları və travmaları unikaldır, bu səbəbdən də şüuraltı terapiya universal reseptlərə deyil, individual yanaşmaya əsaslanır.

-Nigar xanım, insan şüuraltında ən çox hansı qorxular və inamlar gizlənir və bu inamlar gündəlik həyatımıza necə təsir göstərir?

-Fikrimcə, bu yanaşmanı ümumiləşdirmək düzgün deyil. Yəni "insanlarda ən çox bu qorxular olur" və ya "ən çox bu inamlar yaranır" demək doğru deyil. Çünki hər bir insan fərdidir və hər kəsin qorxusu, inamı, duyğusu yalnız ona məxsusdur. Hər bir fərdin keçirdiyi hisslər, qorxuya reaksiyası, inancları onun yaşadığı mühitdən, həyat tərzindən, emosional vəziyyətindən, intellekt səviyyəsindən, yəni bir sözlə, onun daxili aləmindən asılı olaraq dəyişir.

-Bir çox insan problemlərinin "uşaqlıq travmasından qaynaqlandığını" düşünür. Amma bəzən biz o travmanı xatırlamırıq. Belə hallarda terapevt bu blokları necə aşkarlayır?

-Bəli, bir çox insan düşünür ki, problemlərin kökü uşaqlıq travmalarına dayanır. Amma çox vaxt insan həmin travmanı xatırlamır. Belə hallarda terapevt bu "blokları" necə aşkarlayır? Əslində, terapevtin özünün istifadə etdiyi xüsusi texnikaları və alətləri olur. Necə ki, bir cərrah əməliyyat zamanı müəyyən alətlərdən istifadə edir, eləcə də psixoloq və ya şüuraltı terapevt bu travmaları aşkarlamaq üçün müxtəlif psixoloji metodlardan yararlanır. Bu texnikaların sayı çoxdur və onları sadalamaqla bitməz. Ən önəmlisi budur ki, biz hər insana individual yanaşırıq. Terapevt insanı tanıdıqca, onun daxili dünyasını kəşf etdikcə, pasiyent də özü-özünü daha dərindən anlamağa başlayır. Bu zaman bəzən insan tamamilə unutduğu bir travmanı xatırlayır. Çünki beynimiz möcüzəvi şəkildə işləyir, o, heç nəyi tam unutmur. Bədənimizin, şüuraltımızın və beynimizin yaddaşı ayrıdır. Bütün məlumatlar insanın varlığında mövcuddur. Sadəcə, biz onları "oxumağa", yəni özümüzü anlamağa çalışanda, bədənimiz, ruhumuz və zehnimiz bizə lazımi məlumatı göstərir: sanki deyir ki, "aha, bax, burada yara var, bunu şəfalandırmaq lazımdır". Və bu prosesi biz - terapevt və pasiyent birlikdə araşdırıb tapırıq.

-Şüuraltına yönəlmiş terapiya ilə insanın həyatı doğrudan da dəyişə bilərmi, yoxsa bu sadəcə müvəqqəti rahatlama effekti verir?

-Ruhaltına yönəlmiş terapiya vasitəsilə insanın həyatı həqiqətən dəyişə bilir. Bu, müvəqqəti rahatlama deyil. Hər kəsin potensialına uyğun olaraq, insan öz daxili gücünü və fərqindəliyini kəşf etdikdə artıq əvvəlki səhvlərini təkrarlamır. Məsələn, əvvəllər aqressiv davranışlar göstərib münasibətlərini poza bilərdi, amma terapiyadan sonra bu reaksiyaların səbəbini anlayır, məsuliyyəti başqalarına deyil, öz üzərinə götürür. Bu da onun həyat keyfiyyətini dəyişdirir.
Biz terapiyada yalnız problemləri çözmürük, həm də insana istiqamət veririk, yəni o, terapiya seanslarından kənarda da şəxsi inkişafını davam etdirə bilir. Düzdür, bunu hər kəs etmir, amma kim öz üzərində işləməyə davam edirsə, o zaman terapiyanın effekti qalıcı olur və zamanla daha da güclənir.
Bir məsələni də vurğulamaq istəyirəm: mən yanıma gələn insanlara bəzən "pasiyent" deyirəm. Əslində, psixoloq öz müraciət edənlərini belə adlandırmamalıdır, amma mənim ilk təhsilim tibb sahəsində olduğuna görə bu termin mənim üçün daha doğmadır. Psixologiya isə ikinci ixtisasımdır, ona görə bu ifadəni işlətmək mənim üçün təbii gəlir.

-Sizcə, insanlar ən çox hansı düşüncə və inam tipləri ilə öz uğurlarını, münasibətlərini və sağlamlıqlarını sabotaj edirlər?

-Hər kəsin öz fərdi şüuraltı və inam sistemi var. Amma misal kimi belə bir nümunə verə bilərəm: əgər bir insanın içində "dəyərsizlik" duyğusu varsa, o, daim bu duyğunu öz həyatına cəlb edəcək - münasibətlərində, iş yerində, ailəsində. Əgər özgüvəni azdırsa, tam uğurdan danışmaq mümkün deyil. Çünki insan özünü dəyərli və layiqli görmürsə, o, həmin uğura çatmaq üçün öz gücünü də aktivləşdirə bilmir.
Bəzən elə insanlar olur ki, müəyyən sahələrdə çox uğurlu görünürlər, amma şəxsiyyət pozuntusu və ya dərin komplekslər səbəbindən həyatlarının başqa sahələrini məhv edirlər. Belə hallarda təkcə psixoloji seans deyil, həm də psixiatrik müalicə vacib olur. Biz bu cür hallarda psixiatrlarla birgə işləyirik.

-Şüuraltını təmizləmək və ya proqramlaşdırmaq barədə internetdə çoxlu "sürətli metodlar", "enerji təmizləmələri" paylaşılır. Bunlar real nəticə verirmi, yoxsa bu sahədə çaşdırıcı trendlər də var?

-Bəli, bu mövzuda indi çoxlu material var, həm ChatGPT-də, həm Instagram və TikTok kimi sosial şəbəkələrdə. Amma təəssüf ki, bu mövzu bir çox hallarda düzgün istiqamətdə təqdim olunmur. Müxtəlif "trend" başlıqları altında insanları çaşdıran, onlara yanlış istiqamət verən, hətta manipulyativ marketinq məqsədi daşıyan proqramlar mövcuddur. Məsələn, "adını dəyiş, həyatın dəyişsin" kimi səthə yanaşmalar insanların diqqətini əsas məqamdan yayındırır. Unutmaq olmaz ki, hər bir insanın özünəməxsus duyğuları, qorxuları, şüuraltı yaddaşı, uşaqlıq təcrübələri və həyat tərzi var. Buna görə də "bir metodu elə, hamıda eyni nəticə alınacaq" yanaşması doğru deyil. Şüuraltı ilə üzləşmək nə asan, nə də sürətli baş verən bir prosesdir. Bu, hər kəsin bacara biləcəyi bir şey deyil. Bəzən insan terapiyanın ilk seansında öz daxili dünyası ilə qarşılaşmağa hazır olmur və prosesi yarımçıq qoyur. Amma zaman keçdikcə, yaşadıqlarını həzm etdikdən və daxili gücünü toparladıqdan sonra yenidən gəlir və deyir: "Bəli, indi hazıram, davam edək."
Şüuraltı ilə işləmək səbir və mərhələli yanaşma tələb edir. İnsan öz bədəni, ruhu və zehnini tədricən anlamağa, duyğularını çözməyə və özünə zaman verməyə hazır olmalıdır. Buna görə mən "duzlu su ilə bədəni yuyun, enerjiniz təmizlənəcək" və ya "adını dəyiş, həyatın dəyişsin" kimi yanaşmalara inanmıram. Bu, insanları əksinə, çaşdıran və doğru yoldan uzaqlaşdıran addımlardır. Əgər bir qadın "dişil enerji"sini artırmaq istəyirsə, ilk növbədə öz qadınlığını qəbul etməlidir. Çox qadın var ki, qız uşağı olaraq doğulub, amma içində "mən kişi kimi qadınam" düşüncəsini daşıyır və bununla qürur duyur. Belə bir vəziyyətdə hansı qadınlıqdan, hansı cazibədən danışmaq olar? Əvvəlcə insan öz varlığını qəbul etməlidir. Biz terapiya prosesində bu kimi blokları tədricən çözürük və nəticədə həm enerjilər, həm də düşüncə tərzi sağlamlaşır. Reaksiyalar dəyişdikcə, təbii ki, insanın həyatı da müsbət istiqamətdə formalaşır.

-Bir peşəkar kimi, siz öz şüuraltınızla necə işləyirsiniz? Öz üzərinizdə praktik təcrübənizdən maraqlı bir nümunə paylaşa bilərsinizmi? 

-Bəli, bəzən özüm-özümə seanslar keçirirəm, amma bu, mütəmadi deyil. Meditasiya, yoqa, idman - həm fiziki, həm də zehni sağlamlığımı qoruyan bütün praktikaları tətbiq etməyə çalışıram. Həyatımda faydasını gördüyüm hər şeyi pasiyentlərimə və müştərilərimə də tövsiyə edirəm. Bununla yanaşı, özüm də zaman-zaman peşəkar psixoloq və terapevtlərə müraciət edirəm. Çünki insan bəzən özündə görə bilmədiyi bəzi tərəfləri yalnız kənar baxışla görə bilir.
Heç vaxt "mən hər şeyi bilirəm" demirəm. Öz həmkarlarımın təcrübəsinə, biliklərinə güvənirəm. Onlardan dəstək alıram, seanslara gedirəm. Oxuculara və izləyicilərə də məsləhətim budur: yalnız inandığınız, enerjisinə, təhsilinə və peşəkarlığına əmin olduğunuz mütəxəssislərə müraciət edin. Sosial mediada "sürətli dəyişiklik" və ya "şıp deyə həyatın dəyişsin" kimi vədlərə aldanmayın.
Mənim gündəlik seanslarım çox olur, amma heç vaxt bununla sosial şəbəkələrdə reklam xarakterli paylaşımlar etmirəm. Follower sayının çox olması mütəxəssisin peşəkarlığını göstərmir. Mənim üçün əsas olan nəticə və insanlara real fayda verməkdir. Son zamanlar pasiyentlərim özləri təklif edirlər ki, videolar çəkim, tanınım, çünki bu, ehtiyacı olan insanlara kömək edə bilər. Mən də düşünürəm ki, əgər bu səslər və fikirlər sizin vasitənizlə kimlərəsə çatıb onlara işıq ola biləcəksə, bu, artıq mənim üçün böyük xoşbəxtlikdir.

SEVDA DƏNİZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31