Azərbaycanda qadın hüquqlarının müdafiəsi dövlət siyasətidir

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Mərkəzi Asiya Qadın Liderlərinin dialoqu çərçivəsində "Qadın hüquqlarına qlobal və regional yanaşmalar" mövzusunda tədbir keçirilir.

Milli Məclisin deputatı Əminə Ağazadə tədbirdə "Qadınların innovasiyalarda, KİV və ətraf mühit siyasətində rolu: imkanlar və maneələr" və "Qadın zorakılığına qarşı mübarizə və onların hüquqi müdafiəsi" mövzularında çıxış edib.

Çıxışında milllət vəkili Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən bərabərlik, sosial ədalət və qadın hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanan dövlət siyasəti həyata keçirildiyini, 1995-ci ildən Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyasına (CEDAW) qoşulduğunu, habelə Pekin Fəaliyyət Platformasını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusilə 5-ci məqsədi - gender bərabərliyinin təmin edilməsini dəstəklədiyini vurğulamışdır.

"Ölkəmizin fəxr etdiyi zəngin bir tarixi irsi var: hələ 1918-ci ildə azərbaycanlı qadınlar müsəlman dünyasında ilk dəfə seçki hüququ qazanmışlar. Bu tarixi addım müasir Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında qadınların fəal iştirakına möhkəm zəmin yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə qadın liderliyinin inkişafı, təhsilin, sosial müdafiənin və sahibkarlığın dəstəklənməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir."

Qadın faktoru və innovasiyalar mövzusuna toxunan Əminə Ağazadə bildirib ki, "Azərbaycan innovasiya mühitinin, rəqəmsal iqtisadiyyatın və STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) istiqamətlərinin inkişafına böyük önəm verir. 2022-2023-cü tədris ilində STEM ixtisasları üzrə təhsil alan tələbələrin sayı 100 305 nəfər olmuşdur ki, onların 46 782-si (yəni 47 faizi) qızlardır. Tədqiqatlara görə, qadınlar Azərbaycanda STEM ixtisaslarının məzunlarının təxminən 40 faizini təşkil edir ki, bu da qlobal orta göstəricidən yüksəkdir"

Qadınların media imkanlarının genişləndirilməsi məsələsinə toxunan Əminə Ağazadə qeyd etmişdir ki, "araşdırmalara əsasən, qadınlar Azərbaycanın milli çap və onlayn media orqanlarında əməkdaşların təxminən 40-45 faizini təşkil edir. Regionlarda isə bu göstərici 30-35 faiz civarındadır".

"Qadın zorakılığına qarşı mübarizə və hüquqi müadfiə" mövzusunda çıxış edən millət vəkili Azərbaycanda bu sahədə fəaliyyət göstərən dövlət və ictimai institutlardan ibarət geniş sistem formalaşdığını, bu istiqamətdə əsas koordinasiya rolunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirdiyini qeyd etmişdir. Deputat qeyd etmişdir ki, komitənin dəstəyi ilə 11 regional ailə, qadın və uşaq dəstək mərkəzi yaradılmışdır. Bu mərkəzlərdə zərərçəkmiş qadınlar psixoloji yardım, hüquqi məsləhət, sosial dəstək alır və zərurət yarandıqda müvəqqəti sığınacaqla təmin olunurlar.

Azərbaycan beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirərək zorakılığın qarşısının alınması və bərabərliyin təşviqi sahəsində fəal əməkdaşlıq edir.

Hər il Azərbaycanda "Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası" keçirilir. Bu təşəbbüs dövlət orqanlarını, parlamenti, KİV-i və QHT-ləri birləşdirərək qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəlmiş fəaliyyətləri gücləndirir.

Bu sahədə Azərbaycan Parlamentinin rolunu qiymətləndirən deputat Əminə Ağazadə qeyd etmişdir ki, "Azərbaycan Respublikasının Milli Məclisi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində daim işləyir. Yaxın illərdə qəbul edilmiş dəyişikliklər zorakılıq qurbanlarının müdafiəsinin genişləndirilməsini, pulsuz hüquqi yardım sisteminin inkişafını və zorakılıq halları ilə bağlı məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. Parlament Dövlət Komitəsi, Ombudsman və vətəndaş cəmiyyəti ilə birgə qanunvericiliyin icrasına nəzarət edir"

"Qadınlara qarşı zorakılıqla mübarizə sadəcə gender siyasətinin bir hissəsi deyil - bu, cəmiyyətin yetkinliyinin, insan həyatına və əsas hüquqlara göstərilən hörmətin göstəricisidir.

Azərbaycan bərabərlik və ədalət prinsiplərinə sadiq qalaraq beynəlxalq tərəfdaşlar, parlamentlər və vətəndaş cəmiyyəti ilə birgə səyləri davam etdirəcək ki, hər bir qadın ölkəmizdə və bütün dünyada qanunun müdafiəsini və gələcəyə inamı hiss etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31