Nikahın pozulmasının fəsadları
12 Noyabr 2025 10:01 SosialDövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistikaya görə, boşanlamalar artıq demək olar ki, ümumi nikah sayının üçdə birini təşkil edir.
Cəmiyyəti narahat edən bu ciddi problemlə bağlı "Müasir Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyinin təsisçisi Xanım Əhmədzadə bildirişdir ki, dövlətin, vətəndaş cəmiyyətinin, dövri-mətbuatın, televiziyanın apardığı təbliğatlara və görülən işlərə baxmayaraq, bu mövzu hələ də qlobal olaraq qalır. Təşkilatımızın uzun illər apardığı araşdırmalar, sosioloji sorğular təsdiq edir ki, müasir dövrdə qadınların sosial mühitdə aktivləşməsinə kişilərin dözümsüz reaksiyası, ailə qurduqdan sonra hüquqi statuslarının tanınmaması, ailədaxili münaqişələr zəminində psixoloji və fiziki zorakılığa məruz qalmaları, qazanclarının əlindən alınması da əsas faktorlar sırasındadır. Boşanmaların ən böyük fəsadlarından biri də ailə təməllərinin və ailə institutunun sarsılmasına gətirib çıxarmasıdır. Ölkədə boşanma hallarının artdığını nəzərə alaraq təşkilatımız "Nikahın pozulması səbəblərinin hüquqi təhlili" adlı layihəni icra edir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Əsas məqsədimiz nikahın pozulmasının real səbəblərini hüquqi təhlil etmək, araşdırmaq və boşanmadan sonra tərəflər arasında yaranmış problemlərə hüquqi dəstək olmaqdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində qeyd olunur:
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Halbuki nikahlarının pozulması ilə bağlı bizə müraciət edib hüquqi yardıma ehtiyacı olanların böyük əksəriyyəti ailələrinin dağılmasında kənar təsirlərin yersiz müdaxilələrini səbəb olaraq göstərirlər. Bizim cəmiyytdə ailə dövlətin əsas dayaqlarından biri hesab olunur. Cünki ailə sosial tənzimləmə, insanların sosiallaşması, hüquqların və vəzifələrin öyrənilməsi üçün ilk məktəb rolunu oynayır və cəmiyyətin davamlılığı üçün vacibdir.
Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiq edilmişdir. Hesab edirəm ki, ailə qurmağa qərar verən cütlüklərin mənəvi aləmlərini, xarakterlərinin, dünyagörüşlərinin bir-birinə uyğun olub-olmamasını araşdırmaq üçün psixoloji testdən keçmələri vacibdir. Onların ilkin psixoloq dəstəyi alması, xarakterlərində mənfilərin müsbətə doğru çevrilməsi və daha sonra nikaha daxil olmaları lazımi bir şərt halını almalıdır. Çünki, insanın uzun illər gəzdirdiyi psixoloji problem ailə həyatı qurduqdan sonra daha qabarıq üzə çıxır. Nikahın pozulması cütlüklər və onların uşaqları üçün travmatik bir itki olduğundan ciddi emosional sarsıntılar yaşamalarına səbəb ola bilər.