Saat 18:00-dan sonra yemək orqanizm üçün vacib imiş

Axşam saat 18:00-dan sonra yemək sağlamlığa zərər verir fikri elmi baxımdan əsaslı deyil. Mütəxəssislərin fikrincə, əsas diqqət yeməyin vaxtına deyil, yatmazdan təxminən üç saat əvvəl qidalanmağı başa çatdırmağa yönəlməlidir.

Milli.Az xəbər verir ki, bu barədə həkim-terapevt Yekaterina Ladıqina müsahibəsində bildirib:

"Axşam 18:00-dan sonra yemək olar və hətta orqanizm üçün bu vacibdir. Sadəcə olaraq, son yemək yuxuya getmədən üç saatdan gec olmamalıdır ki, həzm sistemi normal işləsin. Hər bir insanın bədən xüsusiyyətləri fərqli olduğuna görə, qidalanma rejimi də fərdi şəkildə tənzimlənməlidir".

Mütəxəssis əlavə edib ki, axşam yeməyi yüngül və balanslı olmalıdır. Onun tərkibinə zülal və nişastasız tərəvəzlər daxil edilməlidir:

"Məsələn, balıq və yaşıl salat, yaxud pörtülmüş tərəvəzlə bir tikə ağ ət bu tip yeməklər daha uyğundur. Ümumi porsiya isə təxminən 350 qramı keçməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31