8 Noyabr - Zəfər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiram nümayiş etdiriblər.
Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrini Zəfər bayramı münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi nəticəsində qazanılıb.
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Xaçmaz rayonunda növbəti ekoloji aksiya təşkil olunub. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları Xaçmaz-Quba yolunun kənarında yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclar əkiblər. Ərazidə əvvəllər basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Xaçmaz rayonunda yeni ağac və kolların əkilməsi, həmçinin ekoloji tarazlığın bərpası istiqamətində işlərin mövsüm ərzində davam etdirilməsi nəzərdə tutulur.









