Gürcüstanın paytaxtı Tbilisidə Zəfər Gününün 5-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.
Tədbirdə Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, diplomatik korpusların təmsilçiləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə "Zəfərə aparan yol" sənədli filmi nümayiş etdirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Vətən müharibəsi və qazanılmış böyük qələbə barədə ətraflı məlumat verib. Səfir, həmçinin keçirilən tədbirin iki ölkə xalqları arasında dostluq və həmrəyliyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov müharibə dövründə xalqımızın və dünya azərbaycanlılarının birliyindən danışıb, şanlı Zəfərimizin xalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssüm etdirdiyini bildirib. Sədr müavini Dövlət Komitəsinin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Çıxışlarda Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəmanların adlarının xalqın yaddaşına, tarixin qızıl səhifələrinə əbədi həkk olunduğu bildirilib. Böyük qələbənin Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevə inamının və etimadının, millətin sarsılmaz birliyinin nəticəsində əldə olunduğu vurğulanıb.
Ardınca tədbirin bədii hissəsi baş tutub. Müğənni Zamiq Hüseynov vətənpərvərlik ruhunda ifaları ilə tədbirə xüsusi rəng qatıb, Gürcüstanın Dövlət Rəqs Akademiyasının "Erisioni" ansamblı isə səhnədə rəqs nümunələri ilə çıxış edib.






