Vətən müharibəsi dövründə dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınıb - XRİTDX

Vətən müharibəsi başladığı ilk gündən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilib, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilib.

Olaylar xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd "TETRA" baza stansiyası döyüş zonalarında istifadəyə verilib, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılıb.

Bildirilib ki, pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilib.

"Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə "Bayraktar" və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilmiş və həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə şəbəkəsinə inteqrasiya edilib. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilib".

Məlumatda qeyd edilib ki, müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilib.

"Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınıb",- deyə XRİTDX-dən əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31