Komitə sədri “Çuvaşıstan–Azərbaycan Dostluq Cəmiyyəti”nin sədrini qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri, ictimai xadim Aqil Əliyev ilə görüşüb.

Görüş zamanı Aqil Əliyev Komitə sədrinə Çuvaşıstan Respublikasının iki nüfuzlu ictimai təşkilatı - Çuvaşıstan Yazıçılar İttifaqı və Ümumrespublika İctimai-Mədəni Mərkəzi adından ünvanlanmış təbrik məktublarını təqdim edib. - Təbrik məktublarında Fazil Mustafanın 60 illik yubileyi münasibətilə səmimi arzular ifadə olunub, onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, elm, mədəniyyət və dövlətçilik düşüncəsinin inkişafındakı xidmətlərinə vurğu edilib.

Məktublarda, həmçinin, Fazil Mustafanın ədəbi-publisistik fəaliyyəti, türk xalqları arasında mənəvi və mədəni bağların möhkəmlənməsinə verdiyi töhfələr qeyd olunub.

Komitə sədri göstərilən diqqət və təbriklər üçün minnətdarlığını bildirib, Azərbaycan ilə Çuvaşıstan arasında humanitar, ədəbi və ictimai əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüş zamanı gələcəkdə birgə ictimai-mədəni təşəbbüslərin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fazil Mustafa yeni kitablarını Aqil Əliyev üçün imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31