Ali Məclis Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb
15:01 SosialNaxçıvan Muxtar Respublikası Ali Məclisi 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat verib.
Olaylar.az həmin bəyanatı təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad edərək qazandığı tarixi Zəfərin beşinci ildönümünü böyük təntənə ilə qeyd edirik.
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın gələcək xoşbəxt günü gəlib çatacaqdır".
Bu gün biz məhz həmin günləri yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək tarixi Zəfər qazanıb, Azərbaycanı qüdrətli dövlətə çevirib.
Bu bir həqiqətdir ki, tarixi Zəfəri şərtləndirən əsas amillərdən biri də Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən milli inkişaf strategiyası olmuşdur. Aparılan İqtisadi islahatlar, idarəetmənin təkmilləşdirilməsi, vətəndaş məmnunluğuna nail olunması və qanunvericilik bazasının zənginləşdirilməsi təkmil siyasi sistem və dövlət idarəçilik mexanizmi formalaşdırmış, əhali rifahı yüksəlmişdir. Eyni zamanda sosial-iqtisadi inkişafla paralel olaraq milli ruhda sağlam gənc nəslin yetişdirilməsi başlıca istiqamət kimi götürülmüş, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması güclü müdafiə potensialı yaratmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursu isə ölkəmizin dünya birliyindəki mövqeyini möhkəmləndirmişdir. Bütün bunlar da xalqı milli amallar və məqsədlər naminə birləşdirmiş, Xalq-Lider birliyi təmin edilmiş, Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə böyük Qələbə qazanmışdır.
Münaqişə dövründə Azərbaycan dəfələrlə beynəlxalq hüquq normaları çərçivəsində məsələnin sülh və danışıqlar yolu ilə həllinə, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına çalışmışdır. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti hərbi əməliyyatlara başlamış, Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış sahələrinə hücumlar etmişdir. Buna cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı keçirmiş, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilmiş, hərb tariximizə şanlı səhifələr yazılmışdır.
8 Noyabr - Zəfər Günü uzun illər işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqının əzminin və milli birliyinin, beynəlxalq hüququn aliliyinin və ədalətin təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratmışdır. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələnmişdir. Bununla da cənab İlham Əliyev ən mühüm missiyaya - Ata vəsiyyətinə əməl etmiş, Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırmışdır.
Tarixi Qələbəmizi təmin edən bir çox faktorlar var. Bunlar sırasında şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, malik olduğumuz güclü ordu və dayanıqlı iqtisadiyyat xüsusi qeyd olunmalıdır. Lakin bütün bunları özündə cəmləşdirən əsas bir faktor vardır ki, bu olmadan qələbini təmin etmək mümkün deyildi. Sözsüz ki, söhbət cənab İlham Əliyev şəxsiyyətindən, Onun Vətəninə və xalqına bağlılığından, Liderlik məharətindən və qətiyyətindən gedir. Məhz bu qətiyyət və siyasi iradə Qələbə ilə yanaşı, böyük Qayıdışın da təməlini qoymuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur.
Azərbaycanın qazandığı tarixi Zəfərin regionda yaratdığı yeni reallıqlar - davamlı sülh, sabitlik, quruculuq və təhlükəsizlik beynəlxalq səviyyədə qəbul olunur və dəstəklənir. Dünyanın qüdrətli dövlətləri və təşkilatları ilə əlaqələr daha da möhkəmlənib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və söz sahibidir. Xüsusilə də 2025-ci ilin avqustunda ölkə başçısının Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanması yeni dövrün təhlükəsizlik komponentinin təsdiqi və sülh istiqamətində ciddi addımdır. Bu mənada Vaşinqton razılaşması, əslində Azərbaycanın Vətən müharibəsindən sonra başladığı prosesin - sülh müqaviləsi ideyasının məntiqi davamı olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.
Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan sülh prosesi və bunun məntiqi davamı olacaq Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, həm də qlobal miqyasda yeni münasibətlər sisteminin prioritetlərini müəyyənləşdirir. Zəngəzur dəhlizi iqtisadi, nəqliyyat və enerji əlaqələrinin, yeni kommunikasiya xətlərinin formalaşmasına və regionun dayanıqlı inkişafına xidmət edəcəkdir. Bu dəhliz həmçinin "Orta dəhliz" adlandırılan beynəlxalq nəqliyyat marşrutunun əsas həlqələrindən birinə çevrilərək qitələr arasında daha qısa, təhlükəsiz və səmərəli logistika xətti formalaşdıracaq, Naxçıvanın ölkəmizin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpası muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyacaqdır. Məhz ölkə Prezidentinin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar da gələcək inkişaf perspektivlərinə hədəflənib.
Bütün bu proseslərdə - istər tarixi Zəfərin qazanılmasında, istərsə də ölkəmizin hərtərəfli tərəqqisində və böyük Qayıdış strategiyasının reallaşmasında, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır.
Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şərəfli səhifəsi olan Zəfər Günü milli birliyimizin simvolu, ən əsası isə qəhrəman oğullarımızın Vətən və xalq qarşısındakı fədakarlığının nəticəsidir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Zəfər Gününün tarixi əhəmiyyətini qeyd edir, əlamətdar tarixi gün ərəfəsində şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirir, qazilərimizə şəfa diləyir, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Zəfər Gününün beşinci ildönümü münasibəti ilə təbrik edir, ölkə Prezidentinin uzaqgörən daxili və xarici siyasətini bundan sonra da daim dəstəkləyəcəyini bəyan edir!".