Gənclər elmi fəaliyyətin aparıcı qüvvəsinə çevrilməlidir- ÖZƏL

"Azərbaycan gəncliyi bu gün ölkənin ən böyük strateji resursudur. Prezident İlham Əliyevin "bizim gələcəyimiz gənclərin təhsilinə və elmə bağlı olacaq" fikri bu istiqamətdə dövlət siyasətinin mahiyyətini müəyyən edir. Ümummilli Lider Heydər Əliyevin 1970-80-ci illərdə həyata keçirdiyi kadr siyasəti nəticəsində minlərlə gənc SSRİ-nin aparıcı universitetlərində təhsil almış, bu günün intellektual nəsillərinin bünövrəsini qoymuşdur. Bu strategiya bu gün də uğurla davam etdirilir".
"Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının üzvü Səmayə Əliyeva deyib: " Son illərdə həyata keçirilən "Azərbaycan gəncliyi 2025" dövlət proqramı, təhsil və innovasiya fondlarının yaradılması gənclərin elmə marağını artırıb. Gənc alimlər üçün qrant layihələrinin tətbiqi, beynəlxalq elmi müsabiqələrdə iştirakın təşviqi və xaricdə təhsil imkanları elmi fəaliyyətin cəlbediciliyini gücləndirir. Bu, Azərbaycanın gələcək elmi potensialını təmin edən mühüm faktordur.

AMEA-nın 80 illiyi münasibətilə Prezident İlham Əliyev alimlər qarşısında çıxışında xüsusi vurğuladı ki, gənclər elmi fəaliyyətin aparıcı qüvvəsinə çevrilməlidir. Elm yalnız təcrübəli nəsillərin deyil, həm də gənc tədqiqatçıların təşəbbüskarlığı ilə inkişaf edir. Bu istiqamətdə universitetlər və elmi institutlar arasında əməkdaşlıq daha da dərinləşdirilir.
Ümummilli Lider Heydər Əliyevin "təhsilli gənclik dövlətin gələcəyidir" fikri bu gün öz real təsdiqini tapır. Azərbaycan gəncləri artıq təkcə bilik alan deyil, həm də bilik yaradan qüvvəyə çevrilir. Bu nəsil Vətən müharibəsində döyüş meydanında, bu gün isə elm və texnologiya sahəsində yeni zəfərlər qazanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31