"Gənclərin yazı bacarıqlarının gücləndirilməsi vacibdir” – Seyfəddin Hüseynli- ÖZƏL

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi"mövzusunda konfrans keçirilib. Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən 
"525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini Seyfəddin Hüseynli bildirib ki, dil məsələsinin Prezident səviyyəsində diqqətə alınması həm media, həm də cəmiyyət üçün önəmli addımdır. Onun sözlərinə görə, bir çox məsələlər kimi dil və ədəbi norma mövzularının ali səviyyədə qaldırılması prosesi sürətləndirir və daha ciddi yanaşma yaradır.
Seyfəddin Hüseynli deyib ki, bu gün Azərbaycanda dilin qorunması və düzgün istifadəsi üçün geniş imkanlar var. Dövlətin güclənməsi, ölkənin beynəlxalq nüfuzunun artması dilin də mövqelərini gücləndirir. O, Cənab Prezidentin "harada Azərbaycan varsa, orada Azərbaycan dili var" fikrinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, dilin vəziyyəti ilə bağlı müzakirələrin aparılması faydalıdır və diqqətin artmasına səbəb olur. Xüsusilə gənclər arasında yazı və düşüncə bacarıqlarının inkişaf etdirilməsinə daha çox ehtiyac olduğunu vurğulayıb. Tərcümələrdə, yazılı ifadədə meydana çıxan çətinliklərin aradan qaldırılması üçün əlavə məşğələlər keçirilməsi və oxu vərdişlərinin gücləndirilməsi vacibdir.
Seyfəddin Hüseynli həmçinin media qurumlarının daha effektiv işləməsi üçün maddi-texniki imkanların yaxşılaşdırılmasının önəmli olduğunu bildirib və bu sahədə stimullaşdırıcı addımların fayda verəcəyini qeyd edib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31