“Operativ media mühitində orfoqrafik səhvlərin tam qarşısını almaq mümkün deyil” – ÖZƏL
12:27 SosialAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib. Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı media dilində müşahidə olunan problemlərdən danışıb.
"Bu önəmli tədbirə görə təşəkkür edirəm. APA da daxil olmaqla bütün onlayn media resurslarında orfoqrafik səhvlər olur. Bunun tam qarşısını almaq qeyri-mümkündür, çünki operativ media saniyələrlə yarışır. Ədəbi dildə hər şeyi kitabdakı kimi işlətmək operativ mediada çətindir", - deyə Vüsalə Mahirqızı bildirib.
O qeyd edib ki, tələskənlik və operativlikdən qaynaqlanan orfoqrafik və üslub səhvləri mümkündür:
"Bəzi sözlərin işlədilməsində də problemlər var. Məsələn, "ölmək", "meyit", "əsir" və "girov" kimi ifadələr çox vaxt yanlış kontekstdə istifadə olunur. Halbuki onların hər birinin öz mənası var."
Vüsalə Mahirqızı dil monitorinqlərinin aparılmasının vacibliyini vurğulayıb:
"Professor Qulu Məhərrəmlinin rəhbərliyi ilə aparılan dil monitorinqləri bərpa edilməlidir. Media İnkişaf Agentliyi bu istiqamətdə təlimlər təşkil edə bilər."
Zeynəb Mustafazadə