Səadət Məmmədova: “Nitq mədəniyyəti orta təhsil bazamızda yoxdur”- ÖZƏL
11:47 SosialOlaylar.az xəbər verir ki, ATV (Azad Azərbaycan telekanalı) prezidentinin informasiya yayımı üzrə müşaviri, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova nitqin əhəmiyyəti barədə çıxış edərək bildirib ki, gözəl danışmaq həm bacarıq, həm də düşüncə tərzidir:
"Nəfəsin, səsin və təfəkkürün harmoniyası - gözəl danışa bilməyin əsasını təşkil edir. Hansı sahədə çalışmağından asılı olmayaraq, oradakı səhvlər çox vaxt bilgisizlikdən və təhsilsizlikdən qaynaqlanır," - deyə o bildirib.
Səadət xanım orta məktəblərdə nitq mədəniyyəti təhsilinin olmamasını ciddi problem kimi dəyərləndirib:
"Təəssüf ki, bu gün orta təhsildə uşaqlara düzgün danışmaq öyrədilmir. Nitq mədəniyyəti bizim orta təhsil bazamızda yoxdur. Biz artıq internet dili ilə danışan bir nəsillə qarşı-qarşıyayıq," - deyə o vurğulayıb.
Onun sözlərinə görə, sosial şəbəkə dili ilə efir dili arasındakı sərhədlər demək olar ki, itib:
"Biz təhsil aldığımız dövrlərdə yaradıcılığa önəm verilirdi. İndi isə sosial media dili efir dilini üstələyib."