Müştərinin bank hesabından pul oğurlanmasının SƏBƏBLƏRİ – Çıxış yolu nədir? – İqtisadçı alim açıqladı
18:40 SosialBir sıra hallarda bank müştəriləri onların şəxsi məlumatlarının banklar tərəfindən fərqli istiqamətlərə ötürülməsindən narazıdırlar.
NOCOMMET.az saytına danışan hüquqşunas, iqtisadçı alim Cavid İsmayıl bu cür dələduzluq halları ilə qarşılaşan vətəndaşların məsələni gizli saxlamamasını, ictimailəşdirməsini məsləhət görür:
-İlk olaraq bildirim ki, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununu, konkret olaraq fərdi məlumatların toplanması, işlənməsi, saxlanması, verilməsi və ötürülməsi ilə bağlı hüquq və vəzifələri müəyyən edir. Bununla bərabər bildirim ki, bank müştərilərinin hesabları, əməliyyatları ümumiyyətlə bank müştəriləri haqqında məlumatların sirri ilə bağlı müddəalar "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Eyni zamanda "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanunu da diqqətinizə çatdırmaq istəyirəm.
- Bank müştərisi olaraq, artıq Azərbaycanda bank hesablarından pul oğurluğunun adi hal aldığının şahidiyik. Dünyada da genişlənmiş bu dələduzluq növü ilə bağlı cinayət hadisələrinin sayı azalmaq əvəzinə artır. Artmanın da səbəbi odur ki, dələduzlar hər dəfə cinayəti yeni üsullarla həyata keçirirlər.
- Qeyd edim ki, dünyamız inkişaf etdikcə müasir dönəmin özünə məxsus tələbləri yaranır və inkişaf edir. Bu əlbəttə ki təbiidir və dünya var olduqca belə də olacaq. Əfsuslar olsun ki, bu proseslər zamanı hər bir müsbət proseslərə məqsədli olaraq mənfi təsir edən amillər də yaranır və inkişaf etdirilir. Əslində kibercinayətkarlıq müasir dövrdə ən ağrılı bir məqamdır. Texnoloji inkişaf demək olar ki, hər birimizin həyatını sıx əhatə edib. Və getdikcə bu proses daha da güclənəcək. Bu proses gücləndikcə kibercinayətkarlığın artması da istisna deyil. Sadəcə bu prosesə qarşı mübarizə daima inkişaf etdirilməlidir.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda "Kibercinayətkarlıq haqqında" Konvensiyanın Təsdiq edilməsi barədə müvafiq Qanun var və bu istiqamətdə müvafiq təşkilatlar tərəfindən konkret - sistemli tədbirlər həyata keçirilir. Ümumilikdə, bu daha da ciddi sahələr üçün daha böyük təhlükə yaradan bir amildir. Əlbəttə ki biz bank sektoruna toxunduğumuz üçün bu aspektdə danışırıq. Bu baxımdan banklar da kibercinayətin qurbanına çevrilməkdən sığortalı deyillər. Və belə halların baş verməsi bizlərə məlumdur.
Cavid İsmayıl
- Adətən, müştərinin kartından pul oğurlanmamışdan əvvəl onun telefonuna zəng gəlir. Zəng edən həmin bankın işçisi olduğunu deyərək kart məlumatları ondan istəyir...
- Müştərinin kartından pul oğurlanmamışdan əvvəl onun telefonuna zəng edilməklə törədilməsi, kibercinayəkarlıqda müştərilərə qarşı çoxsaylı üsullardan biridir. Burada eyni zamanda müştərilər də bilməlidirlər ki, banklar heç vaxt bu cür məlumatları telefon vasitəsilə istəmir. Bu ancaq kiberdələduzların və fırıldaqçıların "iş prinsipidir". Banklar dəfələrlə müştərilərinə xəbərdarlıqlar edir, amma əfsuslar olsun ki, buna baxmayaraq, insanlar bu səhvi təkrarlayırlar. Yəni, bank heç vaxt müştəri məlumatlarını 3-cü şəxsə ötürməz...
Bütün bu qanunvericilik aktlarını nəzərə alsaq bir cümlə ilə çatdıraq ki, bank müştərisinin razılığı olmadan və qanunvericilik aktlarında nəzərdə tutulan hallardan kənar məlumatlarının üçüncü tərəfə ötürülməsi qanun pozuntusudur. Və əsas məqamlardan biri də odur ki, bank müştəriləri bank ilə müqavilə bağladıqda "məlumatların üçüncü tərəflərlə paylaşılması" ilə bağlı bəndi diqqətlə oxumalıdır. Daha dəqiq, vətəndaş kartı hansı bankdan əldə edirsə, protokolu tələb edərək mütləq tanış olmalıdır. Habelə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda da "konfidensial informasiya" dedikdə vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri anlayışı başa düşülür".
- O zaman bank kartlarından oğurlanan pulların məsuliyyəti kimin boynunda qalır?
- Bilirsiniz, hazırda dünyanın hər yerində o cümlədən Azərbaycanda onlayın alış-veriş sistemi mövcuddur. İnternet üzərindən dünyanın istənilən nöqtəsində yerləşən onlayın alış - veriş saytlarından istənilən məhsulu almaq mümkündür. Onlayn alış-veriş zamanı istifadəçilər şəxsi məlumatlarını, o cümlədən kredit kartı məlumatlarını paylaşırlar. Bu məlumatların oğurlanması və ya hakerlər tərəfindən əldə edilməsi böyük təhlükələr yaradır. Onlayn mağazaların təhlükəsizlik tədbirləri yetərli olmadıqda istifadəçilər maliyyə itkiləri ilə qarşılaşa bilərlər.
- Bunun baş verməməsi üçün nə etmək lazımdır?
- Şəxsi məlumatların qorunması üçün, istifadəçilər yalnız etibarlı və təhlükəsiz veb-saytlardan alış-veriş etməlidirlər. Ən mühüm addım isə iki mərhələli identifikasiya və güclü şifrələr istifadə etməkdir. Digər bir nüans isə istifadəçilər öz cihazlarının antivirus proqramları ilə qorunduğuna əmin olmalıdırlar. Əgər belə olarsa, dələduzluq halları , fırıldaqçılıqla bağlı cinayət halları tamamilə bitməsə belə, qismən azalar.