“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib
10:30 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ülvi Mehdiyev bildirib ki, biz xalqımızın ən qürurlu səhifələrindən biri olan Zəfər Gününün 5 illiyini böyük sevinc və fəxarətlə qeyd edirik. O vurğulayıb ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız azad edildi, xalqımızın onilliklər boyu arzuladığı ədalət bərpa olundu. Həmçinin diqqətə çatdırılıb ki, bu Zəfər həm birliyimizin, həm də gücümüzün təntənəsidir və gələcək nəsillər üçün əbədi qürur mənbəyidir.
Şəhidlərimiz - Babək Ramaldanovun, İbrahim Sadıqlının və Nurlan Ağakişiyevin ataları Meyvəddin Ramaldanov, Şahin Sadıqov və Etibar Ağakişiyev bu günü qürur və ehtiram hissi ilə qeyd etdiklərini vurğulayıblar. Onlar övladlarının Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edərək qəhrəmanlıq nümunəsi göstərdiklərini və igidliklərinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Vətən müharibəsi qəhrəmanları Mirdamət Bağıyev və Azər Abdullazadə döyüş meydanında göstərilən igidliyin və sədaqətin xalqımızın birliyini, Ordumuzun qüdrətini nümayiş etdirdiyini ifadə ediblər. Onlar diqqətə çatdırıblar ki, bu Qələbə şəhidlərimizin qanı, əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılmış şanlı tarixdir.
Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib və tanınmış incəsənət xadimlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.
Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.