Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədri Corc Mihail Neamtsu ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Görüş çərçivəsində iki ölkə arasında mədəni, humanitar və media əməkdaşlığının genişləndirilməsi, eləcə də ictimai diplomatiya, ailə dəyərlərinin qorunması və informasiya təhlükəsizliyi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında bildirib ki, audiovizual sahədə əməkdaşlıq xalqlar arasında mədəni, mənəvi və ailə dəyərlərinin təbliği üçün mühüm vasitədir. O vurğulayıb ki, Azərbaycan və Rumıniya bu istiqamətdə televiziya və radio layihələri, sənədli filmlər və maarifləndirici proqramlar vasitəsilə qarşılıqlı əlaqələri daha da dərinləşdirə bilərlər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media və kommunikasiya sahəsində innovativ inkişafın təşviqi, yaradıcı sənayelərin potensialının gücləndirilməsi, habelə ailə dəyərlərinin cəmiyyətdə təbliği istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, informasiya təhlükəsizliyinin təmini və daxili media mühitinin müdafiəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, rəqəmsal media mühitində saxta xəbərlərə qarşı mübarizə həm milli, həm də beynəlxalq səviyyədə prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq müstəvidə artan nüfuzundan bəhs edərək qeyd edib ki, Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də Şuşa, Bakı və Naxçıvan kimi mədəni mərkəzlərin Avropada daha geniş tanıdılması istiqamətində birgə kommunikasiya layihələri əhəmiyyətli rol oynaya bilər.
Mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədri Corc Mihail Neamtsu isə Rumıniya ilə Azərbaycan arasında mədəni və informasiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, Rumıniya Parlamenti və müvafiq Komissiya ailə dəyərlərinin qorunmasına, milli kimliyin və mədəni irsin gələcək nəsillərə ötürülməsinə xüsusi önəm verir. O, Azərbaycanla bu istiqamətdə təcrübə və fikir mübadiləsinin hər iki xalqın mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.
Görüşdə, həmçinin, Rumıniya Parlamentinin Deputatlar Palatasının Sui-istifadələrin, Korrupsiyanın və Müraciətlərin Araşdırılması üzrə Komitəsinin sədri Laura Gerasim rəqəmsal mühitdə qanunsuz fəaliyyətlərin, kibercinayətlərin və etik pozuntuların qarşısını almaq istiqamətində Rumıniyada həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi və media savadlılığının artırılması Rumıniya cəmiyyətində mühüm prioritetlərdəndir.
Səfir Qüdsi Osmanov görüşün strateji tərəfdaşlıq ruhunda keçdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan və Rumıniya arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar və mənəvi müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyur.
Görüşün sonunda Corc Mihail Neamtsu öz müəllifi olduğu "The Trump Phenomenon" adlı kitabı Azərbaycan nümayəndə heyətinə təqdim edib və onu imzalayaraq xatirə hədiyyəsi kimi təqdim edib.

