Şübhəli dərmanla rastlaşdıqda nə etməli? – Nazirlikdən AÇIQLAMA
10:53 SosialVətəndaşlar dərman vasitəsinin keyfiyyəti və ya mənşəyi barədə şübhə yarandığı təqdirdə, nəzarətedici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.
Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası"na əsasən, dərman vasitələrinin ekspertizası istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə Qurum tərəfindən ödənişsiz aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə 93 FM-in "Sağlam radio" verilişində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.

Onun sözlərinə görə, vətəndaşlar dərmanı və qəbzi Mərkəzin "Bir pəncərə" xidmətinə təqdim etməklə ekspertiza tələb edə bilərlər. Əvvəlcə dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmadığı müəyyən edilir, daha sonra laborator müayinəsi aparılır. Araşdırma yekunlaşdıqdan sonra "Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, vətəndaşa yazılı formada məlumat verilir: "Əgər dərman vasitəsi dövlət qeydiyyatından keçməyibsə, vətəndaş bu barədə rəsmi qaydada məlumatlandırılır".