Ailə dəyərlərini necə qoruyaq?- ÖZƏL

Asəf Qənbərov: "Dövlətin real dəstək mexanizmləri olmadan nə "ailə dəyərləri" güclənir, nə də doğum göstəriciləri"
"Bir müddətdir "ailə dəyərlərini qorumaq" şüarı ilə səhnəyə çıxan bir qrup təbliğatçı hər problemi qadınların üstünə yıxır: boşanmalar - guya aliment istəyən qadınlara görə; az doğum - guya işləyən və ya təhsil alan qadınlara görə imiş. Amma ən əsas sualı dilə gətirdiklərini görmürük: ailə saxlamaq, uşaq böyütmək bugün nə qədər bahalıdır?" "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov deyib: "Əgər doğrudan da demoqrafiyanı düşünürüksə, məsələ təkcə "çox uşaq doğun" çağırışı deyil. Uşaq baxçasının, məktəbin, sağlamlığın, kirayənin, ərzağın qiyməti artdıqca gənc ailənin qərarı da dəyişir. Sosial yardım, uşaq pulu, doğum və valideyn məzuniyyəti, uşaq baxımı infrastrukturu, iş yerində çevik qrafik - bunlar gündəmə gəlmirsə, "təbliğat" yalnız şüar olaraq qalır.
Əmək bazarına işçi qüvvəsi, orduya əsgər lazımdırsa, bu tələbatın yükü yalnız ər-arvadın çiyninə qoyula bilməz. Dövlətin real dəstək mexanizmləri olmadan nə "ailə dəyərləri" güclənir, nə də doğum göstəriciləri.
Qısası, qadını günahlandırmaq ən asan yoldur. Çətin olan, amma nəticə verən yol - ailənin xərclərini yüngülləşdirmək, sosial siyasəti gücləndirmək, valideynləri sistemli şəkildə dəstəkləməkdir. Fikrimcə, ailəni qorumaq təbliğatının inandırıcı olması üçün, əvvəlcə bu sualları gündəmə gətirmək, münasib cavablar axtarmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31