İnsan, yurd və ana dili
13:12 SosialMahirə Nağıqızının 65 illiyinə beşinci yazı - yekun
Azərbaycan ədəbiyyatında publisistika xüsusi bir mərhələdir. Bu janr həm tarixi yaddaşın qorunmasına, həm ictimai-siyasi hadisələrin işıqlandırılmasına, həm də milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Müasir publisistikamızda bu missiyanı özünəməxsus üslubu, duyğusal səmimiyyəti və eyni zamnada elmi-nəzəri, analitik baxış bucağı ilə davam etdirən qələm sahiblərindən biri də Mahirə Nağıqızıdır.

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının (Hüseynovanın) elmi məqalələri belə demək olar ki, onun can-dildən sevə-sevə həyata keçirdiyi yurdsevərlik (ana dilimizin qayğıları çərçivəsində) missiyasının tərkib hissəsinə çevrilir. Bu baxımdan Mahirə Nağıqızının qələm təcrübələrinin böyük əksəriyyəti özündə tamam fərqli və yeni çalarlar əks etdirir. Elmlə bədiiliyin çuğlaşmasından yaranan faydalı və ecaskar belə nümunələri elmi-publisistik üslubda qələmə alınmış ədəbiyyat salnamələri adlandırmaq olar.
Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri və dil məsələləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı, problemin daşıyıcısı kimi görür
Mahirə Nağıqızının publisistik yazılarında bir neçə əsas mövzu diqqəti cəlb edir:
-Milli kimlik və vətənpərvərlik - Onun məqalələrində Azərbaycan torpaqlarının tarixi, xalqın mübarizə yolu, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı geniş işıqlandırılır.
-Mədəniyyət və ədəbiyyat - Müəllif Azərbaycan ədəbiyyatının və folklorunun unudulmaz dəyərlərinə, söz sənətinin böyük nümayəndələrinə tez-tez müraciət edir.
-Sosial problemlər və insan taleləri - O, yazılarında sadə insanların həyat hekayələrini, gündəlik problemlərini, ictimai ədalətsizliklərə münasibətini, qürbətçiliyi qələmə alır.
-Qadın mövzusu - Məqalələrində Azərbaycan qadınının (Ana obrazının) cəmiyyətdəki rolu, onun ailə, ictimai və yaradıcı mühitdəki yeri xüsusi vurğulanır.
-Qayğıkeşlik və səmimilik - Mütləq nəzərə almalıyıq ki, Mahirə Nağıqızı elmi-pedaqoji fəaliyyəti (+rəhbərlik) ilə yanaşı bədii yaradıcılıqla, aktiv ədəbi fəaliyyətlə (heç birini axsatmadan - necə deyərlər birini o birinin ayağına vermədən) məşğuldur. İndiki vaxt qıtlığı şəraitində bu işin necə çətin olduğunu, hər bir şəxsdən əlavə güc, qüvvət tələb etdiyini hamımız (yaradıcı insanlar) yaxşı bilirik. Hər iki sahəni qoşa qanad kimi söz səmasında məharətlə süzdürən Mahirə Nağıqızının bu sonsuz kəhkəşanda heç bir təbəddülat şahin kimi iti nəzərlərindən yayınmır. Bu məsələdə də o qadın ürəyinin həsaslığına, ana qayğıkeşliyinə və səmimiliyinə arxayın olaraq hərəkət edir.
İNSAN
"Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır, anıdır. "Böyük" sözündən daha böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı, öz işinin öhdəsindən məharətlə gələn bacarıqlı bir mütəxəssis, nəhayət, gözəl şair.
Yelkənlər, gəminin bəyaz duvağı
nə bilim, gördüyüm yuxudu, bəlkə
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudu, bəlkə.
Müəllif dənizçi olmasaydı belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs alan biri təsəvvür edərdim. İfadənin səmimiliyi, reallığı bunu deyir. Necə də yerindədir: "Yelkənlər, gəminin bəyaz duvağı". Amma elə "şeir" sözü özü də həyatın gözəlliklərini əks etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi, güzgüzü deyilmi?! də doğruluğu, dürüstlüyü, səmimiliyi, cöşqunluğu təbliğ edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv bir şeir onu yazan müəllif haqqında nələr deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi qəlbindən süzülüb qələminə, oradan da ağappaq vərəqlərə süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini sevən bir vətəndaş, gah sevgisi aşıb-daşan bir aşiq, gah sənətinə vurğun mütəxəssis-bir dənizçi, gah da nəvələrini oxşayıb-tumarlayan baba olur şeirlərində Faiq Balabəyli. (Olaylar.- 2024.- 16-22 avqust, №29.- S.15.)"
Bu təqdim etdiyim parça "Olaylar" qəzetinin ""Böyük" sözündən daha böyük ifadə olsaydı..." başlığı ilə dərc etdiyi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi "Dəniz adamı" məqaləsindən kiçik bir hissədir. Biz bu kiçik hissədə nələri görürük? Əvvəlki; bayatılar, şeirlər, hekayələr haqqında olan yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Mahirə Nağıqızı böyük məharətlə (ustalıqala), yüksək peşəkarlıqla bir yazıda (janrından asılı olmayaraq) mövzunu bir neçə aspektdən ümumiləşdirərək işləyir. Gələk, yuxarıdakı gözəl insan, gözəl şair, gözəl ailə başçısı Faiq Balabəyli haqqında olan yazıya (Mahirə Nağıqızının baxş bucağına diqqət edək):
-Ön planda şairin (Faiq Balabəylinin) insanlığı gəlir. O səmimi, həssas insan, gözəl ailə başçısıdır. Artıq həyatın keşməkeşlərindən keçmiş yetkin insandır (60 yaşı var).
-O, özü sakit olduğu qədər, təlatümlü dənizin yol yoldaşıdır. O, dənizçidir, dənizin sirdaşıdır.
-O, kövrək, həssas və olduqca duyğusal bir şairdir.
Müasir dövrümüzdə bu qədər yazan-pozanın içində Faiq Balabəylinin söz sərrafı olan Mahirə Nağıqızının diqqətini cəlb etməsi təbiidir. Və mən bir qələm adamı kimi bu halı təqdir edir, alqışlayıram. Qeyri-iradi ustad Cabir Novruzun (Allah rəhmət eləsin) "Sağlığında qiymət verin insanlara" ifadəsini (şeirini) xatırlayıram. İnsanlara sağlığında qiymət verməyi bacarmaq üçün ilk növbədə səmimi, həssas, ədalətli insan olmaq lazımdır. Mahirə xanım ən yüksək qiymətə layiq çox dəyərli xanım-xatın ziyalımız, gözəl insan, mahir söz ustası, peşəkar mütəxəsisidir (dilçi).
YURD VƏ DİL (ŞEİR)
"...Hidayətin şair və insan taleyini şərtləndirən tale yazısıdır. Qəlbində ancaq doğmalarına deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür karvanı dünyanın harasından keçir keçsin, onu çəkən bircə ünvan üçün qəribsəyir:
...Sənin Vətənini sevdim ürəkdən,
Sevdim ilk addımdan, ani baxışla.
İndi qucağına çağırır Vətən,
Həsrətim qor olub, məni bağışla!
Onu demək çətindir ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu bilmirik, bildiyimizsə o faktdır ki, ötən əsrin 70-ci illərində o, mürgülü İrəvan ədəbi mühitini silkələyə bilib. Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə qədər qorunub saxlanılıb və bu "saxlanılmaq" Sovet Ermənistanında 1948-53-cü illərə qədər ancaq dözülə bilən siyasi ab-hava ilə sinxronlaşmadan başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması, ilk növbədə, təzədən boy verən daşnak təfəkküründən qidalanan və azərbaycanlı ziyalıları tarixi yurdlarından perik salan gerçəklik idi. Daha pis olansa, əlbəttə, işinin sürünə-sürünə də olsa, keçməsi üçün "erməniyə dayı deyənlərin" sırasının genişlənməsi idi.
Onun "Şahmat taxtası önündə" şeiri yaşadığı emosiyanı bu cür təqdim edir:
Sənin topun da var, zabitin də var,
Mənim ümidimsə piyadalardır.
Şahıma tuşlanan başsız hücumlar,
"Dirsəklər"ə dəyib qayıdacaqdır.
"Şeir nədir" - sualının cavabı da elə beləcə tapılır: "Şeir, nəinki yadında qalan, zaman-zaman içində təkrarlamağa ehtiyac duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir". Şair "Şahmat taxtası önündə" dayanarkən həmin münasibətin ifadəsini görürük. Buna görədir ki, Kantın həmyerlisi və fəlsəfi baxışlarının ən görkəmli davamçısı Humboldt poeziyanı "insan təfəkkürünün ən qüsursuz ifadə vasitəsi" olaraq qəbul edirdi. (Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.12-14.)"
"Ədəbiyyat qəzeti"ndə "Həqiqət pıçıltılarının poeziyası" adı altında Hidayətin (Hidayət Xuduş oğlu Orucov) yaradıcılığı (şeirləri) haqqında dərc olunmuş geniş yazısında Mahirə Nağıqızının bir daha "İnsan", "Yurd" və "Dil" qavramlarının vəhdətindən necə bəhrələndiyinin şahidi oluruq. Geniş məqalədən təqdim etdiyim bu kiçik parçada yurdsevərlik haqqında uzun-uzadı danışdığım məqamlardan əlavə gələcəyə olan böyük ümidin işartılarını görürük. Bu işartılar uzaq üfüqdə doğmaqda olan birlik, bütövlük, vəhdət Günəşinin ilk şəfəqləridir.
Mahirə Nağıqızı publisistik məqalələrində həm analitik təhlil, həm də emosional çalarları bacarıqla birləşdirir. Onun yazıları oxucunu düşündürməklə yanaşı, emosional təsir gücü ilə də fərqlənir. Bu onun özünün bəzi məqamlarda, xüsusilə söhbətin mövzusu Vətən, torpa, Ana dili olanda emosianal davranması ilə bağlıdır (bu barədə birinci-giriş yazımda da qeyd etmişəm). İstər-istəmz o, bu hissləri qələmə aldığı mətnlərlə oxucusuna da ötürür. Hər bir məqalə həm faktların dəqiqliyi, həm də səmimi üslubu ilə yadda qalır, olduqca əhəmiyyətli və faydalıdır.
Mahirə Nağıqızının publisistik yaradıcılığı bir daha sübut edir ki, publisistika yalnız hadisələri işıqlandırmaq yox, həm də oxucunu düşündürmək, milli mövqeyini möhkəmləndirmək, gələcək üçün məsuliyyət hissini artırmaq missiyası daşıyır. Onun məqalələri milli yaddaşı qorumaq, gənc nəslə ibrət dərsi vermək baxımından xüsusi dəyərə malikdir.
YEKUN
Beləliklə, Mahirə Nağıqızının əsərləri şağdaş Azərbaycan ədəbiyyatı nümunələri arasında seçilir. Onun qələmi ilə yazılan yazılar (şeirlər) həm tarixi faktların salnaməsi, həm də mənəvi gücün ifadəsidir. Bu məqalələr oxucunu təkcə məlumatlandırmır, həm də düşündürür, ruhlandırır, milli mənsubiyyətini xatırladır və bu milli kimliyə bağlayarq gələcəyə böyük ümidlər yaradır. Onun bütün yazdıqlarının və fəaliyyətinin yekun sözünü - tezisini belə dəyərləındirmək olar: "Ey uca millətin böyük övladı sənin şərəfli keçmişin olduğu kimi şanlı gələcəyin var (bu həqiqətən belədir -heç çübhəniz olmasın)!"
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzda da silsilə yazımızı uğurla yekunlaşdırdıq. Nəzərinizə çatdırım ki, "Yazarlar" olaraq Mahirə Nağıqızının 65 illik yubileyi münasibətilə "Yazarlar" jurnalının Noyabr - 2025 № 11 (59)-cu sayını, "Munis yazılar - 4" və "Mahirə Nağıqızı -65" (monoqrafiya) kitablarını hazırlayıb çap etmişik. Bir daha Mahirə xanımı doğum günü və 65 illik yubileyi münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.