Millət vəkili şəhid məzarını ziyarət edib- ÖZƏL
30 Oktyabr 14:08 SosialMilli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev II Şəhidlər Xiyabanında dəfn olunmuş şəhid polkovnik-leytenant Həmdəm Ağayevin məzarını ziyarət etdikdən sonra anım tədbirində iştirak edib. Tədbirə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri qatılıblar. BAP Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Həmdəm Ağayevdir. Həmdəm Mayıl oğlu Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib.
1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev 1999-cu ildə ali hərbi təhsilini bitirib və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.
Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. O, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsi alıb.
Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən hərbi hissənin Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət edib.
Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Bir oğul və bir qız atası idi.
 
    