“Baku Avrasiya Universiteti mənim üçün fürsətlər qapısı oldu” - tələbə təəssüratları

Mən, Qafarova Laçın - Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsiyəm.

Bu yazını yazmaqda məqsədim sadədir: gənclərə universitetimiz haqqında reallığı olduğu kimi göstərmək. Çünki bəzən eşitdiyimiz sözlər, gördüyümüz videolar, oxumadığımız, amma mühakimə etdiyimiz xəbərlər həqiqətin qarşısında bir kölgədən başqa bir şey deyil.

İki ildir bu universitetdə təhsil alıram. İki il - bəlkə də kənardan az görünür, amma tələbə həyatı yaşayan biri üçün bu illər dolu, rəngarəng və öyrədici bir dövrdür. Və bu illər ərzində gördüm ki, bir çox tələbə və abituriyent Bakı Avrasiya Universiteti haqqında səhv düşüncələrə qapılır. Kimisi deyir, "orası zəifdir", kimisi isə "özəldir, deməli keyfiyyət yoxdur" fikrini səsləndirir. Amma gəlin reallığı danışaq - reallıq tam fərqlidir.

BAAU təkcə bir ad deyil, fürsətlər məkanıdır. Burada ikili diplom sistemi var, yəni bir universitetdə oxuyub iki ölkədən diplom almaq imkanı. Bundan başqa, hər il bir çox tələbə Erasmus proqramı ilə Avropanın müxtəlif ölkələrində təhsil alır. Bu isə gənclər üçün dünyaya açılan bir qapıdır.

Ən çox sevdiyim tərəf isə müəllimlərimizdir. Hər biri öz sahəsinin peşəkarıdır. Bəziləri dərsi qrup işi kimi keçir, bəziləri maraqlı slaydlarla, bəziləri isə sual-cavab formatında. Hər kəsin öz üslubu var, amma hamısının məqsədi birdir: bizi düşündürmək, öyrətmək, formalaşdırmaq.

Müəllimlərimiz sadəcə bilik öyrətmir, həm də insani münasibətin, anlayışın və səbrin nə demək olduğunu göstərirlər. Günün istənilən saatı sual versən, səni gülümsəyərək qarşılayırlar. Bu münasibət, bu səmimiyyət - təhsilin ruhudur.

Bəli, mən obyektiv baxmağı da bacarıram. Hər universitet kimi bizim universitetin də mənfi cəhətləri var. Məsələn, bəzi auditoriyalarda proyektorların işləməməsi, kompüter otaqlarının azlığı və bəzən təmirsiz otaqlar. Amma bu problemlər təhsilin keyfiyyətinə mane olmur. Çünki təhsilin dəyəri divarların boyasından deyil, müəllimin biliyindən, tələbənin marağından ölçülür.

"Özəl universitetdir, nə qədər yaxşı ola bilər ki?" - deyənlərə isə bir sözüm var: özəl olmaq keyfiyyətsiz olmaq demək deyil. Bakı Avrasiya Universitetində ciddiyyət, nizam-intizam və etik dəyərlər ən yüksək səviyyədə qorunur. Burada "kim nə istəyir onu edir" anlayışı yoxdur, burada "kim nə qədər öyrənmək istəyir" anlayışı var.

Bəzən kiminsə "Harada təhsil alırsan?" sualına "Bakı Avrasiya Universitetində" cavab verəndə, üzlərdə qəribə bir təəccüb görürəm. Amma o təəccüb mənə təsir etmir. Çünki mən öz universitetimi tanıyıram - içəridən, yaxından, gerçəkdən.

Sosial şəbəkələrdə yayılan qeyri-real videolar, şişirdilmiş fikirlər bu universitetin mahiyyətini əks etdirmir. Mən buradayam, hər gün bu mühitin içindəyəm və əminliklə deyə bilərəm: Bakı Avrasiya Universiteti gənclər üçün real bir fürsətdir.

Unutmayaq ki, universitet əyləncə mərkəzi, oyun zalı deyil. Universitet, bilik ocağıdır.

Orada səs-küydən çox, düşüncə səssizliyi var.

Orada hər divarın arxasında bir tələbənin arzusu, bir müəllimin zəhməti yatır.

Və mən bu ocağın bir parçası olmaqdan fəxr duyuram.

Bakı Avrasiya Universiteti - haqqında deyilənlərin yox, görülənlərin universitetidir.

Bu yazını oxuyan hər bir gəncə demək istəyirəm: əgər gələcəyini düşünürsənsə, eşitdiyinə yox, gördüyünə inan.

Çünki bəzən bir binanın içində yüzlərlə hekayə gizlənir - mənimki isə Bakı Avrasiya Universitetində başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31