Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla başa çatdı
29 Oktyabr 23:34 SosialYeni nəşr: "Çoban Məhəmməd və Səlvi Xuraman" dastanı
Azərbaycanın zəngin musiqi ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Qərbi Azərbaycan musiqi irsinin izi ilə" layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində Qərbi Azərbaycan bölgəsinin folklor yaddaşında mühüm yer tutan "Çoban Məhəmməd və Səlvi Xuraman" dastanı toplanaraq ilk dəfə kitab halında nəşr edilib.

Dastan Qərbi Azərbaycanın Göyçə aşıq mühitində formalaşmış sənət ənənələrinin parlaq nümunələrindən biridir. Əsər həm tarixi-mədəni, həm də bədii-musiqili baxımdan yüksək dəyərə malikdir. Dastanda aşıq Ələsgərin qardaşı sayılan Çoban Məhəmməd və Dağıstanlı Səlvi Xuraman arasında gedən söz, sənət və mərifət yarışması təsvir olunur. Bu rəvayət yalnız sənətkarların istedadını deyil, həm də o dövrün aşıq mühitində hökm sürən mənəvi-estetik dəyərləri əks etdirir.
Layihə rəhbəri Fəridə Mirişova bildirib ki, bu nəşr Qərbi Azərbaycan aşıq mühitinin tədqiqi və sənədli qaynaqlarla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Əsərin həm yazılı, həm də səsli variantlarını qorumaqla biz itirilmiş mədəni yaddaşın bir parçasını yenidən bərpa etmiş oluruq. Bu dastan xalqın dilini, musiqisini və ruhunu daşıyan qiymətli irs nümunəsidir."
Layihə çərçivəsində dastanın mətn variantı elmi əsaslarla sistemləşdirilib, havalar aşıq ifa ənənəsinə uyğun olaraq nota salınıb, həmçinin rəqəmsal arxivə daxil edilib. Bununla da Qərbi Azərbaycan musiqi irsinin öyrənilməsinə, qorunmasına və gələcək tədqiqatlara töhfə verən yeni bir mənbə formalaşdırılıb.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi gələcəkdə də Qərbi Azərbaycan aşıq mühitinə, folklor və musiqi irsinə dair tədqiqatların davam etdirilməsini qarşısına məqsəd qoyur.