Sosial şəbəkələrdə YENİ TREND – İnsanlar buna görə adlarını dəyişirlər

İnsan öz adını seçə bilmək imkanına qadir deyil. Çünki doğulanda valideynlər övladlarına istədikləri adı verirlər. Onların ad seçimi həm də onların dünya görüşündən, maraq dairələrindən, etiqad etdikləri dindən xəbər verir. Ona görə də toplumda fərqli, rəngarəng adlar meydana çıxır. Lakin bu adların heç də hamısı qəbulolunan deyil. Ölkəmizdə də qəribə adlara rast gəlinir.

Bu səbəbdən böyüdükdən sonra insanlar öz adlarının dəyişdirilməsi ilə  bağlı müvafiq qurumlara müraciət edərək, qanuni şəkildə istədikləri adı daşıya bilərlər.
 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində 645 nəfər adını dəyişdirib. Bu şəxslərin hansı səbəbdən ad dəyişdirməsi bildirilməsə də son zamanlar sosial şəbəkələrdə adların uğursuzluğu barədə tez-tez məlumatlar paylaşılır. Bəzi psixoloqlar və ya falçılar insanları adlarını dəyişdirsələr yaşadıqları ağır həyatın da sona yetəcəyinə inandırırlar.

Bəs adın insan həyatına nə qədər təsiri var? Psixoloji olaraq belə təsir mümükündürmü?

Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Nabat Mirzəyeva deyib ki, adımız həyatımıza yön vermir:

"Bunun elmi və inanc forması var. Biz dünyaya gələndə valideynlərimiz artıq qoyacağı adlarla bağlı xəyallar qurur və ya nənə-babalarımızın adını qoymağı seçirlər. İndiki dövrdə bir düşüncə var ki, nəsildən-nəslə ötürülən hər hansı bir addırsa və o adın sahibi ağır həyat yaşayıbsa, adını daşıdığı insanın həyatının ağırlığı da bundan qaynaqlanır. Ad insanın həyatında onun şəxsiyyətinin formalaşmasına birbaşa təsir göstərmir.

Yaşadığı zaman boyunca bəzi adlar var ki, onlar bizim həyatımıza təsir göstərir. Bəzi hallarda adımız bizim qürur mənbəyimiz, bəzi hallarda isə lağ obyekti ola bilir. İnkişafımızda isə psixioloji olaraq təsir göstərməməlidir və göstərmir. Biz adımızın bizdə olan təsirini sevmirik və ona görə də adımızı dəyişməyə qərar veririk. Adımızı dəyişərək hər şeyin dəyişəcəyini düşünürük. Bu da inancla bağlıdır.

Biz nəyə inanırıqsa, ona doğru addımlayırıq. Biz adımızın bizə güc, qüvvət vermədiyini, uğursuzluq gətirdiyini düşünürüksə, biz o adı dəyişdirməyənə qədər o inanc altında əzilirlər. Amma onlar istəsələr adlarına yeni bir məna, hədəf yükləyə bilərlər".

Onun sözlərinə görə, hələ də valideynlər lağ obyekti olan adları övladlarına verirlər:

"Ad xoşlarına gəlmədiyi zaman, söylənməsi çətin olanda və ya lağ obyektinə çevriləndə dəyişdirmək mümkündür. Bu adlar həqiqətən də onun şəxsiyyətinə, daxili dünyasına çox ağırlıq edirsə, dəyişdirilə bilər. Bu ad mənə qoyulduğu üçün həyatım yolunda getmir düşüncəsi ilə ad dəyişdirmək isə doğru deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31