Milli ornamentlər müasir sənətdə necə yaşanır?
24 Oktyabr 18:40 SosialMilli ornamentlər yalnız qədim dövrlərin bəzəyi deyil. Məncə, onlar xalqımızın ruhunun, estetik zövqünün və tarix boyunca formalaşan dünyagörüşünün canlı ifadəsidir. Hər bir xət, hər bir simmetrik və ya sərbəst xətt yalnız dekorativ element deyil, həm də bir məna daşıyır, bir hekayə danışır, insanın iç dünyasına, həyat fəlsəfəsinə, mədəni dəyərlərinə işarə edir. Ornamentlər qədimdən bəri gündəlik həyatımızın bir parçası olub, toxuduğumuz xalçalardan tutmuş divarlarımızı bəzəyən muralara, zərgərlik məmulatlarına qədər hər yerdə öz izini qoyub. Azərbaycan ornamentlərinin özünəməxsusluğu onların həm estetik, həm də mənəvi qatlarda xüsusi rol oynamasında üzə çıxır. Düşünürəm ki, burada təbiət motivləri - çiçək, ağac, su, günəş ilə heyvan və quş təsvirləri ustalıqla birləşdirilir, geometriya və simmetriya harmoniyası isə onları tamamlayır. Hər bir ornament yalnız gözəllik yaratmır, həm də xalqın dünyagörüşünü, inanclarını və həyat tərzini əks etdirir. Ornamentlərin zəngin tarixi, onların estetik və mənəvi qatları yalnız keçmişin yadigarı kimi deyil, həm də xalqın identitetini qoruyan bir sərvət kimi dəyərləndirilir. Hər bir xətt, hər bir forma xalqın dünyagörüşünü əks etdirir, onun ruhunu yaşadır. Məncə, ornamentlər yalnız dekorativ sənət deyil, onlar xalqın düşüncə tərzini, həyat fəlsəfəsini, gözəllik və harmoniyaya baxışını daşıyan bir mədəni dil, bir həyat məktəbidir.

Ornamentlərin müasir dövrdə əhəmiyyəti haqqında ADMİU-nun "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov ilə söhbət etdik:
- Ornament nədir və o, sənətdə hansı mənanı ifadə edir?
- Ornament incəsənətin müxtəlif növlərində, xüsusilə dekorativ-tətbiqi sənətdə müəyyən formaları ritmik qaydada təkrarlayaraq yaradılmış bədii bəzək sistemidir. Ornamentin əsas məqsədi, hər hansı bir predmetə və ya memarlıq elementinə bədii-estetik görkəm verməkdir. Ornament, xətlər, fiqurlar, stilizə olunmuş bitki, heyvan, həndəsi və simvolik motivlər əsasında qurulur. Lakin ornamentlər sadəcə "bəzək" kimi deyil, eyni zamanda öz-özlüyündə müəyyən məna daşıyıcısı kimi də çıxış edir. Ornament incəsənətdə ritm, nizam və hər hansı bir simvolun bədii ifadəsi kimi çıxış edir. Ornament, bir mənada insanın təbiət və kainatla münasibətinin estetik əksidir. Müxtəlif mədəniyyətlərdə ornament zövq, forma hissi, ideya və inancların təcəssümüdür. Məsələn, Şərqdə, xüsusilə İslam incəsənətində ornament "ilahi sonsuzluğu" simvolizə edir. Burada nəbati və həndəsi ornamentlər Allah tərəfindən yaradılmış kamil nizamı ifadə edir.
Türk xalqları incəsənətində ornamentlər (xüsusilə xalça və kaşı bəzəklərində) tayfa nişanları, həyat, doğum, ölüm, məhsuldarlıq və qoruyucu inamları təmsil edir.
Qərbi Avropa incəsənətində isə ornament uzun əsrlər boyu hər hansı bir üslubun göstəricisi kimi (roman, qotik, barokko, rokoko, klassisizm və s.) memarlıq və dekorativ-tətbiqi sənətin bədii dili olmuşdur.
- Azərbaycan ornamentlərinin əsas xüsusiyyətləri nələrdir? Onları digər xalqların motivlərindən fərqləndirən nədir?
- Azərbaycan ornamentləri özünün zəngin bədii quruluşu və rəmzi mənası ilə seçilir. Onların əsas xüsusiyyətləri simvolik məzmun, ritmik və simmetrik quruluş, həmçinin forma və rəng ahənginin dəqiqliyi ilə müəyyən olunur. "Buta", "nar", "xarıbülbül", "su dalğası" kimi motivlər təkcə bəzək deyil, həm də həyat, bərəkət, bolluq - məhsuldarlıq və əbədilik ideyalarının rəmzləridir. Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra "xarıbülbül" motivi canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin rəmzinə çevrilib.
Ornamentlərdə həndəsi və nəbati elementlər üzvi şəkildə birləşir, bu isə kompozisiyaya həm sabitlik, həm də hərəkət ritmi verir. Azərbaycan ornamentləri əsas etibarilə memarlıq abidələrində və dekorativ-tətbiqi sənətin müxtəlif növlərində - xalçaçılıq, keramika, misgərlik, zərgərlik, ağacoyma və şəbəkə sənətində daha geniş tətbiq olunur.
Azərbaycan ornamentlərini digər xalqların motivlərindən fərqləndirən başlıca cəhət onların milli rəmzlərə söykənməsidir. Burada "buta" və "nar" kimi yerli mənşəli elementlər əsas obrazlara çevrilmişdir. Eyni zamanda bu ornamentlər qədim türk simvolizmi ilə İslam dövrünün riyazi-abstrakt ornament prinsiplərinin sintezi nəticəsində formalaşmışdır. Azərbaycan ornamentlərinin kompozisiya dili medalyon və haşiyə quruluşu ilə, rəng sistemi isə firuzəyi-mavi və isti torpaq tonlarının harmoniyası ilə seçilir. Bütün bu xüsusiyyətlər birlikdə Azərbaycan ornamentlərinə milli fərqliliklə yanaşı Şərq mədəniyyətinə məxsus bədiilik prinsipini də qazandırır.
- Müasir dövrdə rəssamlar, dizaynerlər, heykəltəraşlar ornamentlərə necə yanaşırlar? Onlar bu motivləri sadəcə dekorativ element kimi, yoxsa ideya daşıyıcısı kimi istifadə edirlər?
Müasir dövrdə ornamentlərə yanaşma təkcə bəzək məqsədindən ibarət deyil, daha çox müəyyən konseptual məna daşıyıcısı kimi də qəbul olunur. Rəssamlar, dizaynerlər və heykəltəraşlar üçün ornament bu gün milli ənənənin sadə davamı yox, tarix və müasir düşüncə arasında bədii körpü rolunu oynayır. Başqa sözlə desək, onlar üçün buta, spiral, şəbəkə və ya həndəsi ornamentlər vasitəsilə milli ənənəyə bağlılığı qoruyaraq, müasir mövzulara müraciət etməklə simvolik münasibətlərini ifadə edirlər. Müasir Azərbaycan dizayn sənətində ornamentlər minimalist, bəzən isə rəqəmsallaşdırılmış formada təqdim olunur. Heykəltəraşlıqda ornamentin rolu xüsusilə abidənin səth plastikasında və tərtibatında özünü göstərir. Müasir heykəltəraşlar ornamentdən fiqurun formasını tamamlayan enerji və ritm elementləri kimi yararlanırlar. Beləliklə, ornament burada nəinki dekorativ rol oynayır, həm də əsərin emosional və fəlsəfi tutumunu müəyyənləşdirir.
- Sizin fikrinizcə, milli ornamentlər müasir sənətdə sadəcə keçmişə ehtiramdır, yoxsa gələcəyi formalaşdıran ilham mənbəyi?
-Düşünürəm ki, milli ornamentlər müasir sənətdə təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcəyi formalaşdıran ilham mənbəyidir. Belə ki, milli ornamentlər tarixə bağlılıq simvolu olmaqla yanaşı, müasir bədii təfəkkürün istiqamətverici elementinə çevrilmişdir.
Keçmişə ehtiram aspektində ornamentlər mədəni yaddaşın qorunması, milli ənənənin bədii dildə yaşadılması funksiyasını daşıyır. Onların vasitəsilə sənətkar öz qədim köklərinə, milli mənəvi dəyərlərinə və xalqın kollektiv təcrübəsinə müraciət edir.
-.Bu gün gənc nəsil yaradıcılar milli ornamentləri necə dərk etməlidirlər ki, onlar həm ənənəyə sadiq qalsın, həm də müasir sənətin tələblərinə cavab versin?
- Bu gün Azərbaycan sənətkarlığının gənc nəslinin nümayəndələri milli ornamentləri yalnız bəzək və ya keçmişin yadigarı kimi deyil, yaşayan, dinamik bədii vasitə kimi dərk etməlidirlər. Ənənəyə sadiq qalmaq, onun formasını təkrarlamaq deyil, mənasını, fəlsəfəsini və struktur prinsipini anlamaq deməkdir. Bu yanaşma sayəsində ornament həm milli kökləri qoruyar, həm də müasir incəsənətin ifadə imkanlarına uyğun şəkildə inkişaf edə bilər.
Gənc sənətkar üçün əsas məsələ ornamentin rəmz və kompozisiya sistemini dərindən öyrənməkdir. Hər motivin, xüsusilə buta, spiral, dalğa, nar, quş və s. arxasında duran məna və ritm anlayışı dərk edilməlidir. Bu biliyə əsaslanaraq istənilən rəssam ornamentin formasını dəyişə və rəqəmsallaşdıra bilər.
Beləliklə, gənc nəsil üçün doğru istiqamət ənənəyə sadiqlik və yaradıcılıqda azadlıq arasında vəhdət tapmaqdır. Milli ornamentin mahiyyətini qoruyub onu müasir təfəkkürün bədii-estetik ölçülərinə uyğun ifadə edən sənətkar həm keçmişi yaşadır, həm də gələcəyi yaratmış olur.
Zeynəb Mustafazadə