Fermerlər dabaq xəstəliyindən minlərlə manat ziyana düşüb - "Vaksinlər zəifdir"

Azərbaycanda dabaq kimi iti yoluxucu virus xəstəliyi illərdir ki, heyvanları qırır. Son aylarda isə vəziyyət daha da kəskinləşib, yoluxma halları kütləvi xarakter alıb. Dabaq xəstəliyi mal-qara və qoyun kimi heyvanlarda yayılan, olduqca yoluxucu virus mənşəli bir xəstəlikdir. Heyvanlarda ağızda və dırnaqlarda yaralar, yüksək istilik, iştahsızlıq kimi əlamətlərlə başlayır və zəifləmiş orqanizm nəticədə ölümlə üzləşir. Bəzi fermerlər vaksinasiyanın zəif olduğu üçün heyvanlara təsir etmədiyini bidirirlər. 

Fermərlərin sözlərinə görə, bu xəstəliyə görə minlərlə manat ziyana düşüblər. Hətta bəzi heyvanların 2-ci dəfə həmin xəstəliyi tutduğunu bildirirlər.

Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkədə epizootik vəziyyətin sabit saxlanılması məqsədilə dövlət vəsaiti hesabına illik Epizootiya əleyhinə Tədbirlər Planına uyğun olaraq ildə 2 dəfə olmaqla vaksinasiya tədbirləri həyata keçirilir. Plana uyğun olaraq, dabaq xəstəliyinə qarşı bu günədək respublika üzrə iri buynuzlu heyvanların 84%, xırda buynuzlu heyvanların isə 83% vaksinasiya olunmuşdur:

"Vaksinasiya tədbirləri regionlarda xəstəliyin mövcud serotipləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu il də əvvəlki illərdə olduğu kimi, heyvanlar arasında dabaq xəstəliyinin A, O, Asia-1 və SAT-2 serotiplərinə uyğun vaksinlər tətbiq edilmişdir. Bu tədbirlər ölkədə xəstəliyin yayılmasının qarşısının alınması və heyvan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır".

Ölkəmizə vaksinlər hansı ölkələrdən gətirilir?

"Rəsmi olaraq ölkə üzrə hər hansı xəstəliyin mövcud olması öz əksini tapmayıb, lakin söhbət vaksinlərdən gedirsə, bildirmək istərdik ki hazırda dabaq xəstəliyi ilə mübarizədə son bir necə il olduğu kimi Türkiyənin Şap İnstitutu tərəfindən istehsal edilmiş vaksinlərin tətbiqi həyata keçirilir. Məlumat üçün bildirik ki, Şap İnstitutu Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında fəaliyyət göstərir və Ümumidünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) Referans laboratoriyası statusuna malikdir. Sözügedən İnstitut dabaq xəstəliyinin diaqnostikası, tədqiqatı və nəzarəti sahəsində beynəlxalq səviyyədə tanınmış elmi mərkəzlərdən biri hesab olunur".

Baytarlıq nəzarəti, dezinfeksiya, peyvəndləmə və nəqliyyat karantinləri hardadır?

"Qeyd edilənlərlə əlaqədar əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan sağlamlığı sahəsində dövlət xidmətlərinin təşkilini həyata keçirən səlahiyyətli qurumdur. Yuxarıda qeyd olunduğu kimi, Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon baytarlıq idarələri tərəfindən respublika ərazisində heyvan sağlamlığının qorunması istiqamətində zəruri baytarlıq tədbirləri ardıcıl şəkildə həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31