Gənclər çox vaxt “uğurlu ol” tələbi ilə “xoşbəxt ol” arzusunu səhv salırlar- ÖZƏL

"Bəzən gənclərin davranışlarını "kapriz", "emosiya" və ya sadəcə "böyümə dövrü" kimi dəyərləndiririk. Lakin çox vaxt bu davranışların arxasında dərin psixoloji yorğunluq, təzyiq, özünü dəyərsiz hiss etmə və sosial təcrid dayanır". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib: "Sosial media, ailə münasibətləri, həyat yarışı və bəzən valideynlərin hədsiz gözləntiləri gəncin üzərinə ağır yük qoyur. Gənclər çox vaxt "uğurlu ol" tələbi ilə "xoşbəxt ol" arzusunu səhv salırlar.
Bu yarışda onlar özlərini və həyatın gözəlliklərini unudurlar. Halbuki həyat yalnız qara və ağ deyil - onun minlərlə rəngi var: xəyalın, musiqinin, dostluğun, səhvlərin, bağışlanmağın, sabahların rəngi.
Hər bir gənc bilməlidir ki, dünyada heç kim onun yerinə yaşaya bilməz. Hər bir duyğu, ağrı, çətinlik - keçicidir, amma həyatın dəyəri qalıcıdır. Həyatın rənglərini görmək üçün bəzən sadəcə bir az dayanmaq, nəfəs almaq və yaşamağa davam etmək kifayətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31