Bu formada yatmaq onurğanın "evini yıxır" - Açıqlama

Braziliyalı ortoped cərrah Daniel Oliveyra insanların üzüüstə yatmaq vərdişindən imtina etməsini tövsiyə edib.

Milli.Az bildirir ki, onun sözlərinə görə bu vəziyyətdə yatmaq boyun və bel ağrılarına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, üzüüstə yatarkən boyun daim burulmuş vəziyyətdə qalır, bu isə boyun fəqərələrinə həddindən artıq gərginlik yaradır. Nəticədə ağrılar, hərəkət məhdudluğu və sinir sıxılması müşahidə oluna bilər.

"Bu vəziyyət həmçinin belin aşağı hissəsinə yük salır, oyanarkən əl barmaqlarında keyimə, səhər ümumi halsızlıq və narahatlıq hissinin yaranmasına səbəb olur," - deyə cərrah vurğulayıb.

Həkimin sözlərinə görə üzüüstə yatmaq həmçinin nəfəs almanı çətinləşdirir və daxili orqanlara təzyiqi artırır. Bu yuxu pozası xüsusilə bel yırtığı, oynaq artrozu, tənəffüs və qan dövranı problemləri olan insanlar üçün təhlükəlidir.

Oliveyra qeyd edib ki, arxasıüstə və ya yan yatmaq həm hamilə qadınlara, həm də əməliyyatdan sonra bərpa dövründə olanlara daha uyğundur.

"Yuxu pozası onurğa sağlamlığına birbaşa təsir göstərir. Hətta kiçik dəyişikliklər belə ağrıların və zədələrin qarşısını almaqda böyük rol oynaya bilər," - deyə həkim əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31