Mehdiyevdən sonra daha bir Ramiz ölkəni silkələdi: O, kimdir? – VİDEO
07:20 SosialAqşin Evrən
Ramiz Mehdiyevin həbsi ölkənin 1 nömrəli gündəm mövzusudur.
Hər şeydən əvvəl məni heyrətə salan bir nüans var - Mehdiyev vətənə xəyanətdə ittiham edilir. İnsanı vətənə xəyanətə nə vadar edir - bunu özümə heç cür izah edə bilməmişəm. Yəqin, bundan 1300 il sonra da izah edə bilməyəcəm.
Məncə, vətənə xəyanət edənlər başqa bir ölkənin vətəndaşlarıdır: onların öz bayraqları, öz gerbləri, öz himnləri, öz "dəyərləri" var. Hamısı o ölkəyə yığışırlar.
Dünəndən yerli medianın, sosial şəbəkələrin hər tərəfindən Mehdiyevlə bağlı xəbərlər adamın üzərinə dalğa-dalğa gəlir.
Bu dalğaların arasında başqa bir Ramiz haqda xəbərlər isə ləpə kimi gəlib varlığımıza qarışır. Elə özünün "Ləpələr"i kimi...
Ötən gün Ramiz Mehdiyev azadlığını, Azərbaycan xalqı isə əfsanəvi sənətkarını - Ramiz Quliyevi itirdi.
Şübhəsiz, xalq olaraq bizim itkimiz daha böyükdür.
Ramiz Mehdiyevin xalqı nə itirib, onu bilmirəm, gərək xalqından soruşaq.
Biz Ramiz Quliyevi itirmişik.
Bizim Ramiz oğlunu oxutmaq ən sevimli tarını dəyər-dəyməzə satıb.
Mehdiyev Ramiz Azərbaycanı satıbsa, neçəyə satıb - bunu onun xalqı bilər.
Bizim Ramiz məmuru tarın səsi ilə yola gətirib.
Mehdiyev Ramiz məmuru nə ilə yoldan çıxarıb - bunu onun xalqı bilər.
Ramiz Mehdiyevlə bağlı gündəmin fırtınasında Ramiz Quliyevin ölüm xəbəri bəlkə də incə bir xətt kimi keçdi.
Amma bu xətt onun tarının simi kimiydi: əzəmətli, müqəddəs və təmiz.
Gecələrin ən kimsəsiz vaxtında, bir yazı masasının başında, ya da dostlarla xoş bir məclisin sonunda dinlədiyimiz o tar susdu...
Ölüm xəbərini eşidəndə "Ləpələr"i dinləyərək yazdığım şeirdən bu hissəni xatırladım:
"Əkdiyin ağac bir gün yonulub tar olacaq,
Mən də pencəyimi o tarın səsindən asıb qayıdacam".
Görüşənədək, Ramiz müəllim!
Bir gün pencəyimizi o tarın səsindən asıb qayıdacağıq.
Globalinfo.az
