Maşın almaq istəyənlər mütləq oxusun: ciddi risk var – Diqqət

Son vaxtlar Çindən Azərbaycana gətirilən ucuz avtomobillərin sayı artıb. Bildirilir ki, sözügedən maşınların qiyməti təxminən 10-13 min dollar civarındadır və bu da alıcıların diqqətini çəkir. Mütəxəssislər belə avtomobillərin keyfiyyətinin ciddi sual altında olduğunu vurğulayırlar.

Çin maşınları niyə bu qədər ucuzdur? Reallıq nədir?

Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev deyib ki, maşın alarkən ilk növbədə onun zəmanətinə, ehtiyat hissələrinin mövcudluğuna və dözümlülüyünə diqqət etmək lazımdır:

"Ölkəmizə gətirilən bəzi avtomobillər sıfır kilometrajla gəlməsinə baxmayaraq, əslində Çində artıq ikinci əl nəqliyyat vasitəsi kimi qeydiyyatdan çıxarılmış olur. Bu da müəyyən risklər yaradır. Beynəlxalq təcrübədə istehsalçılar müəyyən seriyada zavod qüsuru aşkar etdikdə həmin partiyadakı avtomobilləri geri çağırır: ya yenisi ilə əvəz edir, ya da pulsuz təmir edir. Bu praktika ölkəmizdə satılan Yaponiya, Koreya və Çin avtomobillərində də tətbiq olunub. Geri çağırılma hallarında adətən istehsalçı müştərini dəvət etməli, avtomobil ya yenisi ilə əvəzlənməli, ya da istehsalçı zavoda geri göndərilməli, yaxud yerli servis mərkəzində qüsur aradan qaldırılmalıdır. Əgər nasazlıq yerli servisdə aradan qaldırıla bilirsə, bu zaman istehsalçı şirkətin hesabına qüsurlu detal pulsuz dəyişdirilir və avtomobil sahibinə təhvil verilir".

Ekspert qeyd edib ki, hazırda ölkəmizə kütləvi şəkildə gətirilən bu avtomobillərlə bağlı ciddi narahatlıq var:

"Gələcəkdə həmin maşınlarda istehsal qüsuru aşkarlansa və onların geri çağırılması elan olunsa, böyük ehtimalla həmin avtomobilləri alan azərbaycanlı alıcıların heç biri bu barədə məlumatlandırılmayacaq. Bu isə həm sürücülər, həm də ümumilikdə yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. AADA-nın məqsədi rəsmi dilerlərin maraqlarını qorumaqdır, lakin əsas məsələ vətəndaşların təhlükəsizliyidir. Bu məsələdə yollardakı təhlükəsizliyi biznes maraqlarından öndə tuturuq".

Eyyub Əliyev bildirib ki, digər mühüm məsələ ehtiyat hissələrinin təminatıdır:

"Əksər aztəminatlı vətəndaşlar zəmanətsiz avtomobillər alır, buna görə kredit götürür, lakin qısa müddət sonra mühərrik sıradan çıxır və ya hansısa problem yaranır. Zəmanət olmadığından və ehtiyat hissələri tapılmadığından vətəndaş 5-6 min manatlıq mühərrik dəyişmə xərci ilə üzləşir və nəticədə həm işi dayanır, həm də kreditini ödəyə bilmir. Belə halların qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil kreditləşməsi sisteminə yenidən baxmalıdır. Hazırda elektrik və hibrid avtomobillərdə ilkin ödənişin aşağı olması müsbət haldır, lakin daxili yanma mühərrikli avtomobillər üçün də bu yanaşma tətbiq edilsə, daha məqsədə uyğun olar. Eyni zamanda lizinq mexanizmi peşəkar səviyyədə yenidən işlənib tətbiq edilsə, vətəndaşlar daha çox zəmanətli və etibarlı avtomobillər almağa üstünlük verərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31