Universitet məzunlarının məşğulluq təzadları: Avropada vəziyyət və rəqabət rekordu – ÖZƏL
12:14 SosialOlaylar.az xəbər verir ki, təhsilin əmək bazarında əhəmiyyətinə baxmayaraq, yeni məzunlar iş tapmaqda çətinlik çəkirlər. Böyük Britaniyada 2024-cü ildə bir məzun vakansiyasına orta hesabla 140 müraciət düşüb ki, bu da 1991-ci ildən bəri ən yüksək rəqabət göstəricisidir.
Avropada vəziyyət: 2024-cü ildə Avropa İttifaqında son üç ildə təhsili başa vuran 20-34 yaşlı məzunların orta hesabla 84,9%-i işlə təmin olunub.
Məşğulluq səviyyəsi 90%-dən yuxarı olan 8 ölkə arasında Bolqarıstan (93,7%), Estoniya (93,6%) və Niderland (92,7%) fərqlənir.
Ən aşağı göstərici Türkiyədə (63,5%) qeydə alınıb. Türkiyədə universitet məzunları arasında işsizlik səviyyəsi ümumi əhali arasında işsizlik səviyyəsindən yüksəkdir. Ölkədə ali təhsilin keyfiyyətinin və ixtisasların əmək bazarının tələblərinə uyğunsuzluğunun olduğu bildirilir.
İtaliya (74,3%) və Fransa (79,9%) kimi böyük Aİ iqtisadiyyatlarında hər beş məzundan biri işsizdir. Əksinə, Almaniya (91,9%) aparıcı iqtisadiyyatlar arasında ən yüksək məşğulluq səviyyəsinə malikdir.
Şimali və Mərkəzi Avropa ölkələri daha yüksək məşğulluq göstəriciləri ilə fərqlənsə də, Türkiyə, Yunanıstan və Balkan ölkələri siyahının aşağılarında yer alır. Yeni məzunların işlə təmin olunması problemi iqtisadi artım və keyfiyyətli təhsil təminatının aktual məsələsi olaraq qalır.