Hakimiyyətin hər 3 qolu öz səlahiyyətləri çərçivəsində müstəqildir - Ramiz Rzayev

Bu Konfransın mövzusu çox aktualdır. Belə ki, hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsi və hakimiyyət qolları arasında əlaqələrin səmərəli təşkili hüquqi dövlətin vacib tələblərindən biridir.

Olaylar.az xəbər verir ki, bu fikirləri "Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər" mövzusunda beynəlxalq konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib. O, qeys edib ki, Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur:

"Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır. Maraqlı faktdır ki, konstitusiya mətnlərində və doktrinalarda hakimiyyət bölgüsünü təşkil edən hakimiyyət qollarını sadalayarkən, məhkəmə hakimiyyəti qanunvericilik və icraedici hakimiyyətdənsonra sadalandığı üçün onu çox vaxt "üçüncü qol" adlandırırlar".

R.Rzayev qeyd edib ki, Əsas Qanunun 7-ci maddəsinə əsasən dövlət hakimiyyəti 3 qol arasında bölünmə prinsipi əsasında təşkil edilib:

Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, icra hakimiyyətini Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Hakimiyyətin hər 3 qolu qarşılıqlı fәaliyyәt göstərir, öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Azərbaycan Hakimlər İttifaqının sədri vurğulayıb ki, hazırda ölkəmizdə üç pilləli məhkəmə sistemi fəaliyyət göstərir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi və ixtisaslaşdırılmış məhkəmələr.

"Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31