Bu məhsul kəskin ucuzlaşdı - kiloqramı 6-7 qəpiyə düşdü
18:27 Sosialİntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kiloqramı 6-7 qəpiyə təklif olunur.
"Report" xəbər verir ki, alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.
Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.
Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:
"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".
Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.