Masazırdakı sahibsiz itlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Masazırda küçə itlərinin toplanmasına başlanılıb. Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Abşeron İcra Hakimiyyəti məlumatı təsdiqləyib.

Bildirilib ki, son zamanlar sahibsiz heyvanlarla bağlı müciətlərin sayı artıb.

Belə ki, son 3 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinə və "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi"nə küçə itləri ilə bağlı üz tutan vətəndaşların ümumi sayı 200-dən artıq olub.

"Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" tərəfindən son bir neçə ay ərzində müvafiq tədbirlər həyata keçirilib. Həmin tədbirlərin davamı olaraq, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" PHŞ Abşeron rayonu (xüsusilə Masazır kəndində) ərazisində sahibsiz heyvanların yığılmasını həyata keçirmişdir. Mərkəzin əməkdaşları tərəfindən itlər sığınacağa toplanıb. Sığınacaqda itlər humanist metodla qısırlaşdırılır, quduzluq xəstəliyi əleyhinə peyvənd olunur və identikləşdirilir (qulaq birkası vurulur). O cümlədən xəstəliyə şübhəli heyvanlar baytar həkimi nəzarətinə götürülür. Sağlam və qısırlaşdırılmış heyvanlar öz areallarına qaytarılır. Sahibsiz itlər xüsusi təhlükəli yoluxucu, zoonoz və invazion xəstəliklərin mənbəyi hesab edilir. Dişləmələr nəticəsində zoonoz xəstəliklərdən olan quduzluğa yoluxmalar baş verir. Qeyd edək ki, itlər insanın vəfalı dostu olsa da, sahibsiz qalanda təhlükə mənbəyinə çevrilir.

Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Odur ki, profilaktiki tədbirlərin görülməsi vacib və zəruridir. Bu kimi tədbirlərimiz bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31