Dünya Gənc Türk Yazarlar Birliyi Bakı Avrasiya Universitetində "Qərbi Azərbaycan hekayələri" kitabını təqdim edib

Bakı Avrasiya Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təqdimatda DGTYB-nin Məsləhət Şurasının başqanı, Milli Məclisin eksperti Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev, sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, DGTYB-nin başqan müavini Ayşən Rəhim, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən Universitetin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rzayeva Sevda Ramiz qızı Azərbaycan üçün son dərəcə vacib əhəmiyyətli bir mövzuda təşkil olunan tədbirin universitet kollektivinin yaddaşında dərin iz buraxacağına inamını ifadə edib. 

Daha sonra universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova  çıxış edərək qeyd edib ki, belə tədbirlər gənc nəsildə milli kimlik və tarixi yaddaşın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
 Onun sözlərinə görə, ədəbiyyat vasitəsilə Qərbi Azərbaycanın tarixi və insan talelərinin işıqlandırılması gənclərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
Tədbirdə çıxış edən DGTYB-nin başqanı, layihə rəhbəri İntiqam Yaşar bildirib ki, Qərbi Azərbaycan mövzusu təkcə bir bölgənin deyil, bütövlükdə Türk dünyasının tarixi yaddaş məsələsidir:
 "Toplu yazarların Qərbi Azərbaycan həqiqətlərinə ədəbi baxışını əks etdirir. Məqsəd qələm sahiblərinin səsi ilə itirilmiş yurd yerlərinin mənəvi qaydışını təmin etməkdir".

Layihənin eksperti, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çıxışında qeyd edib ki, Qərbi Azərbaycan məsələsinin ədəbiyyatda işlənməsi yalnız keçmişin ağrısını deyil, gələcəyə inamı da ifadə edir. O, sözügedən toplunun ədəbiyyat vasitəsilə həm bir yaddaşı yaşatdığını, həm də gələcək nəsillərə milli məsuliyyət hissinin aşıladığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev isə 1948-1953-cü illərdə Qaraqoyunlu dərəsindən türklərin köçürülməsi barədə tarixi faktlara toxunub. O vurğulayıb ki, həmin dövrdə baş verən hadisələr təkcə siyasi yox, həm də mənəvi travma kimi xalq yaddaşında qalmaqdadır.
Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxışında Qərbi Azərbaycanın demoqrafik və mədəni tarixindən danışaraq, bu mövzunun sosial elmlər üçün də dərin araşdırma potensialı daşıdığını bildirib.

Təqdim edilən hekayə toplusuna Mahirə Nağıqızının "Mənim çəkmələrim", Azər Abdullanın "Qəmərlidən keçən qatar", Məmməd Orucun "Köçürülmə" romanından bir hissə, Güldərənin "Qaçqın kitablar" və Şəfa Vəlinin "Həsrətdən miras" adlı hekayələri daxildir.

Qeyd edək ki,  iki dildə - Azərbaycan və rus dillərində nəşr edilən bu toplu yaxın günlərdə Türk dünyasının müxtəlif ölkə və bölgələrində də təqdim olunacaq.

Ayşən Rəhim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31