Yol-nəqliyyat hadisəsi yerindən qaçma hansı hallarda məsuliyyətə səbəb ola bilər?
14:31 Sosial"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. O, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir". "Olaylar" xəbər verir ki, bunu vəkil Rövşən Qasımov deyib: "Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə ( Azərbaycan Respublikası CM -nin 263-1 , 264 -cü maddələri ) əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalrını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur".