Bu sahəyə aid olan qulluqçu vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçası təsdiq edilib

"Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" təsdiq edilib.

Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq qərar imzalayıb.

Kitabçada dövlət geoloji informasiya sahəsi üzrə fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondunun (bundan sonra - Fond) bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapıb.

Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri Respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

  • "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;
  • "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktlarının, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;
  • "Ödəniş dərəcəsinə ixtisas tələbləri" bölməsində işçinin ixtisas və əmək stajı, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər.

Kitabça dövlət geoloji informasiya sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq ediləcək.

Fondun idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) yerinə yetirməli olduğu işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə Kitabça ilə müəyyən edilmiş ixtisas tələbləri tətbiq ediləcək.

Kitabçada göstərilməyən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə ediləcək.

Sənədlə daha ətraflı bu linkdən tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 23-də qəbul edilib, oktyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 7-dən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31