Zaqatala və Balakən böyük təhlükə qarşısında – DÖVLƏT QURUMLARI HƏRƏKƏTƏ KEÇDİ

"Zaqatala və Balakən rayonları bu gün böyük bir təhlükə qarşısındadır. 2 ildir ki, rayonları qəribə bir həşərat basıb. Bütün kəndlərdə ağaclara daraşmış bu həşarat meyvələri məhv edir, ağacların yarpaqlarını yeyir".

Bu sözlər Zaqatala sakini Qəmər Hüseynovanın Azad İstehlakçılar Birliyinə (AİB) müraciətində yer alıb.

Müraciət müəllifi AİB sədri Eyyub Hüseynovdan xahiş edir ki, məsələ ilə bağlı dövlət orqanlarına müraciətlərini çatdırsın.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, həşaratların Zaqatala və Balakən zonasında təhlükəli həddə artması ilə bağlı vətəndaşın müraciətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, Milli Məclisin deputatlarına, Tahir Rzayevə çatdırıb:

"Vətəndaşın narahatlığı tamamilə haqlıdır. Qəmər Hüseynovanın müraciətində göstərilən problem artıq təkcə kəndlərin deyil, bütün bölgənin aqrar təsərrüfatına ciddi zərbə vurmaqdadır.

Qəhvəyi mərmər bağacığı çox sürətlə çoxalan, geniş əraziləri qısa müddətdə zəbt edən təhlükəli zərərvericidir. Bu həşərat yalnız meyvə-tərəvəz məhsullarını deyil, ümumilikdə kənd təsərrüfatını iflic vəziyyətə sala bilər. Təəssüf ki, dövlət qurumlarının bu məsələdə genişmiqyaslı maarifləndirmə işləri aparmadığını görürük. İnsanlara vaxtında izah olunmalı idi ki, hansı tədbirləri görməlidirlər, hansı kimyəvi vasitələrdən istifadə etmək olmaz, hansı alternativ - mexaniki üsullara üstünlük verilməlidir".

Eyyub Hüseynov əlavə edib ki, belə halların gizlədilməsi və ictimaiyyətə düzgün informasiya verilməməsi çox böyük fəsadlara yol aça bilər:

"Cəmiyyətin bundan xəbəri olmalı, insanlar bir-birini xəbərdar etməlidir. Təəssüflər olsun ki, əksər hallarda məsələ yalnız sosial şikayətlər səviyyəsinə çatanda gündəmə gəlir. Əslində, profilaktik tədbirlər görülməli idi. Bu gün kəndli əkinini, bağını, məhsulunu necə qoruya biləcəyini bilmir.

Həmin bölgələrdə maarifləndirmə kampaniyaları aparılmalı, bələdiyyələr, icra hakimiyyətləri və aidiyyəti dövlət qurumları koordinasiyalı işləməlidirlər. Yalnız kimyəvi mübarizə ilə iş bitmir, çünki insan sağlamlığı da risk altındadır. Əhali sadə, praktik məsləhətlər almalıdır. Məsələn, tələ qutularının qurulması, həşəratların əl ilə toplanaraq məhv edilməsi, evlərdə sızmaların bağlanması kimi tədbirlər izah olunmalıdır".

Onun sözlərinə görə, məsələ artıq milli təhlükəsizlik çərçivəsində qiymətləndirilməlidir:

"Bu, təkcə kəndlinin problemi deyil. Əgər bu zərərverici bütün bölgələrə yayılarsa, ölkənin ərzaq təhlükəsizliyi təhlükə altına düşəcək. Dövlət orqanlarının məsələni operativ həll etməsi, beynəlxalq təcrübəni öyrənməsi və ictimaiyyətə açıq şəkildə məlumat verməsi zəruridir. Çünki məsələni gizlətmək deyil, vaxtında ictimailəşdirmək həll yolunu tezləşdirir".

Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən "Report"a verilən məlumata görə, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir.

Mərkəzdən verilən məlumata əsasən, yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir. Qusma, boğulma, zəhərlənmə əlamətləri ola bilər. Buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur:

"Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əl ilə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Bu proses hər tərəfdə eyni anda getdiyinə görə əhali arasında narahatlıq yaranır. Hazırda bununla bağlı kimyəvi mübarizə tədbirlərimiz davam etdirilir".

Qeyd edək ki, sentyabr ayının sonlarından qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31