Yeni ata olanların DİQQƏTİNƏ - Həyat yoldaşınıza bu sözləri deyin

Doğumdan sonra qadınlarda psixoloji problemlərin yaranması halları artıb. Bunlara postpartum depressiya, postpartum anksiyete və s aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13%-i psixi pozuntular yaşayır.

Bəs bu zaman kişi nə etməlidir? Anaların doğumdan sonra psixologiyasının yaxşılaşdırılmasında ataların rolu nələrdir?

Bizim.Media mövzuya bağlı psixoloq Nabat Mirzəyevanın fikirlərini  öyrənib. O, bildirib ki, qadında psixoloji problemlərin yaranmasının səbəbi ilk olaraq hamiləlikdə başlayan hormonal dəyişikliklərlə əlaqədardır:
 

"Hamiləlik ərəfəsində hormonal dəyişikliklər qadınlarda stressin artmasına,  ruhsal olaraq özlərini yorğun hiss etmələrinə səbəb olur.  Doğumdan sonra yuxusuz gecələr, ana olmaq məsuliyyətinin ağırlığı, özünü yetərsiz hiss etmək düşüncəsi başlayır. Bu onu depressiyaya salır, bədən quruluşunun dəyişməsi " mən artıq gözəl deyiləm" sanki yetərsizlik kimi düşüncələr yaranır.

Əgər xanımın hamiləlikdən əvvəl depressiyası, panik atakları olubsa, bu hamiləlikdə və doğumda yenidən meydana gəlir. Qorxular onu əvvəlki halına qaytarır, yaranan suallar onu incitməyə başlayır. Həmçinin həmin dövrdə estrogen və progesteronun sürətlə azalması qadının emosional vəziyyətinə təsir göstərir".

Bəs kişilər həyat yoldaşlarına bu dövr ərzində necə dəstək olmalıdırlar?

"Sən hər halınla gözəlsən"

"Həyat yoldaşı ona həm emosional şəkildə, həm də ev işlərində, uşağa baxmaqda dəstək olmalıdır. Onu yetərsiz yox, daha da dəyərli hiss etdirməlidir. Qadına hər halıyla gözəl olduğunu, indi daha da mükəmməl olduğunu hiss etdirməlidir. Kişi mənəvi, sosial, fiziki olaraq dəstəyini göstərməlidir ki, qadın özünü dəyərsiz və yetərsiz hiss etməsin", - deyə Nabat Mirzəyeva qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31