Cəfər Cabbarlı bizə yalnış istiqamətdə təqdim olunub- ÖZƏL

Repressiya tarixini araşdıran zaman Cəfər Cabbarlı ilə bağlı maraqlı məqamlar diqqətimi cəlb etdi. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın ictimai fikir tarixində Cəfər Cabbarlı əvəzsiz xidmətlər göstərməklə bərabər, millətin ağrılarına da heç zaman biganə qalmayıb. Sovet ədəbiyyatşünaslığında onu bir tərəfli şəkildə sovet yazıçısı, dramaturqu, rejimin tərənnümçüsü kimi təqdim olunmuşdu. Əslində hər şey təqdim olunduğu kimi deyildi. Cəfər Cabbarlı 15 ilə yaxın sovet sistemində yaşayıb yaradıcılıqla məşğul olsa da, o, heç zaman təqiblərdən qurtulmayıb.
Cəfər Cabbarlının 1917-ci ildə yazdığı  "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi" kimi pyesləri  və ümumilikdə onun yaradıcılığının alt qatında olan məqamlar totalitar rejim dövründə müəllifin başına bəla gətirdi. Onun bəzi əsərləri "pantürkist", "panislamist" təmayüllü mövzu kimi sovet rejimi tərəfindən qamçılandı. 
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlının illər öncə mediaya verdiyi bir müsabibəsinə rast gəldim. (Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.11.) Gülarə xanım bildirib: "Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın "Ədirnə fəthi" və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər. Bütün bu  və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur".
Kifayət qədər məhsuldar, zəngin yaradıcılığı olan C. Cabbarlı maddi sıxıntılar içərisində yaşayıb. Qızı Gülarə xanım yenə həmin müsahibədə atasının ağır güzəranına nəzər salıb: "Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı".
Cəfər Cabbarlı "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı zülmləri təsvir edilir, başda Nuru paşa olmaqla xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsi haqqında söhbət açılırdı. Sonradan bu əsər yoxa çıxır.
Cəfər Cabbarlının həbs olunmasının digər səbəblərindən biri onun  Mirzə Bala Məmmədzadə və Əbdül Vahab Yurdsevər kimi istiqlalaçı insanlarla dostluq etməsi, onlarla birlikdə gizli şəkildə milli dəyərlərə söykənən "İstiqlal" qəzetinin çap etdirməsi olub. "İstiqlal" qəzeti 18 ay - 1922-ci ilin aprelindən 1923-cü ilin oktyabrın 5-dək fəaliyyət göstərmiş və 18 sayı işıq üzü görmüşdü. Qəzetin sonuncu-19-cu nömrəsi isə sovet rejimi əməkdaşları tərəfindən müsadirə olunmuşdu. Bu gün həmin hadisələrə, Cəfər Cabbarlının bütün sferalarda mücadiləsinə sakit şəkildə baxmaq mümkündür. Lakin o zaman, qəddar sovet rejimində belə işlər görmək böyük cəsarət tələb edirdi. O, fenomen şəxsiyyət öz haqq yoluna hər zaman sadiq qalaraq öz intellektini millətə sərf etməyə çalışdı. Cəfər Cabbarlı bəlkə də dinc bir dövrdə yaşasaydı onun ömrü qısa olmazdı, o, daha möhtəşəm əsərlər ortalığa qoyardı.
Professor Asif Rüstəmli ("Cəfər Cabbarlı və Milli İstiqlal Hərəkatı" kitab səh.88.) yazırdı: "Cəfər Cabbarlı 1923-cü il iyun ayının 14-də Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin pleniumunda çox işlədiyi üçün axşam evə yorğun gəlmişdi. MĐK-in materialları üzərindəki işi gecə saat 12-yə qədər uzanmışdı. Küçə qapısının qəfil döyülməsi onu fikrindən ayırdı. Çağırılmamış silahlı qonaqlar evi mühasirəyə almışdı. C.Cabbarlı onları təmkin və təəccüblə qarşıladı, ünvanı səhv saldıqlarını bildirdi. Axtarışı həyata keçirən komissar Danilyan Azərbaycan ÇK-sının sədri Mir Cəfər Bağırovun yenicə imzaladığı 202 saylı orderi ona təqdim etdi. Cəfər gözlərinə inanmırdı". 
Asif Rüstəmli fikrini davam etdirərək yazırdı: ("Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabı) "Arxiv sənədləri diqqətlə nəzərdən keçirildikcə həbsxana divarları arasında fiziki zorakılığa məruz qalan, qol-qabırğası sındırılan, lakin mənən sınmayan, mətanət və iradə nümayiş etdirən gənc ədibin ləyaqətinə və şəxsiyyətinə heyran qalmamaq mümkünsüzdür. O, ən ağır və dözülməz şəraitdə dostlara və uğrunda mücadilə apardığı ideala xəyanəti təsəvvürünə gətirmək duyğusundan belə uzaq idi. Xüsusilə Mirzə Bala ilə bağlı suallar cavabsız qaldığı üçün Cabbarlıya qarşı intensiv "işgəncə kursu" oktyabrın 5-dən 13-dək davam etdirilmişdir".
 Onu da qeyd etmək lazımdır ki, onu sovet yazıçısı, totalitar quruluşun təbliğatçısı etmək üçün rejim ona davamlı təzyiqlər edirdi. Lakin onun yaradıcılığında, düşüncəsində milli ruh, millətin taleyi, ağrıları hər zaman əsas hədəf olub. Onun yaradıcılığına, həyat yoluna nəzər saldıqda bir oxucu olaraq bizə aydın olur ki, Cəfər Cabbarlı hələ uşaq yaşlarından əhalinin ağır vəziyyətinə, cəmiyyətin sosial təbəqələşməsinə həssaslıqla yanaşıb. Onun, gördükləri bu ağır yük, insanların məşəqqətli həyat tərzi təbii ki, onun ürəyində fəsadlar yaratmalı idi. Görünür, bu, yükə onun ürəyi yalnız 35 il dözə bildi. Bu qısa ömürdə o dahi insan nə qədər işlər görə bildi. Əminliklə demək olar ki, Cabbarlı bütün intellektini cəmiyyətə sərf edə bilmədi.

Əkrəm Bəydəmirli
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31