MN: II Şəhidlər xiyabanında şəhid ailələrinin təklifləri nəzərə alınıb
12:55 SosialOlaylar.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov II Şəhidlər xiyabanında aparılan yenidənqurma və bərpa işləri barədə jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti hər zaman şəhid ailələrinin və şəhidlərin əziz xatirəsinin uca tutulmasına yönəlib. Bu çərçivədə, Konstitusiya və Suverenlik İli, eləcə də Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri və Şəhidlər xiyabanında geniş bərpa işləri həyata keçirilib. Aparılan işlər nəticəsində burada Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, helikopter qəzasında şəhid olan hərbçilərin, həmçinin yüksək dövlət təltifləri ilə təltif edilmiş zabit və mülki şəxslərin uyuduğu məzar sahələri yenilənib. Ərazilərdəki daş hasar götürülüb, şəhid ailələrinin təklifləri nəzərə alınıb.
"Yenidənqurma nəticəsində burada 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı da daxil olmaqla ümumilikdə 670 şəhidimizin uyuduğu sahələr tamamilə yenilənib. Ərazidə Vətən müharibəsini simvolizə edən 44 metrlik monumental abidə və hər günün tarixini əks etdirən lövhələr ucaldılıb", - deyə MN rəsmisi bildirib. Anar Eyvazov əlavə edib ki, bu müqəddəs məkan milli-mənəvi dəyərlərimizi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirir. "İnanıram ki, ziyarət edən hər kəs burada şəhidlərimizin fədakarlığını hiss edəcək və bu böyük irsi qəlbində daşıyacaq", - o vurğulayıb.
MN rəsmisi həmçinin qeyd edib ki, Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Zəfər kompleksini ziyarət edib. Gün ərzində hərbi qulluqçular tərəfindən şəhid ailələrinə baş çəkilir, eyni zamanda hərbi hissələrdə maarifləndirici tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan sonra II Şəhidlər xiyabanı "Hərbi Memorial Məzarlıq" adlanacaq.