TKTA sədri: "Onlayn yolla əldə edilən xarici diplomlar Azərbaycanda tanınmır"

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qeyd edilən dövr ərzində xarici kvalifikasiyaların tanınması ilə bağlı 3480 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 2989 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 491 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.

Olaylar.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifində bildirib.

Onun sözlərinə görə, mənfi rəyin verilməsinə bir sıra faktorlar səbəb olub. Bunlar: 1. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 344 imtina
2. Təhsilalma forması üzrə uyğunsuzluq səbəbilə 33 imtina
3. Autentik (həqiqi) olmayan diplom səbəbilə 23 imtina
4. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 19 imtina 
5. Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 22 imtina
6. Ekvivalenti olmayan ixtisas səbəbilə 8 imtina
7. Akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 8 imtina
8. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 7 imtina
9. Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 6 imtina".  

Sədr əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın (bundan sonra Qaydalar) 4-cü bəndində qeyd olunan xarici kvalifikasiyaların tanınmasına dair tələblər sırasında ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ilə yanaşı, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda, Qaydaların həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması (4 illik proqram) üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu  halda hər iki bənd üzrə tələblər təmin olunur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. 

Xüsusilə nəzərə alınmalıdır ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə "onlayn" qaydada əldə olunmuş xarici kvalifikasiyalar TKTA tərəfindən tanınmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31