Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri artırılır
11:00 SosialVəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətləri artırılır.
Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aid ediləcək:
- Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməni təsdiq etmək ve onlarda dəyişiklik etmək;
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının müavinini və digər üzvlərini sədrini, sədr seçmək;
- Vəkillər Kollegiyasının büdcəsini, üzvlük haqqının məbləğini, vəkillərin müraciətləri əsasında onların müəyyən dövr üzrə üzvlük haqqını ödəməkdən azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının məbləğinin azaldılması qaydasını, Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin, tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin monitorinqinin aparılması qaydasını, vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydasını, order markasına görə ödəniş məbləğini, vəkil qurumlarının yaradılması qaydasını, vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayını müəyyən etmək;
- vəkilliyin rəsmi embleminin, vəkillərin xüsusi geyim formasının təsvirini və Vəkillər Kollegiyasının maliyyə-təsərrüfat hesabatını təsdiq etmək.
Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31