Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri artırılır

Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri artırılır.

Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsaəsnn, Vəkillər Kollegiyasının Rəyasət Heyəti:

  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını (konfransını) çağıracaq və onun qərarlarının icrasını təşkil edəcək;
  • Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edəcək, bu Qanunda nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirəcək, vəkil reyestrini aparacaq;
  • dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) ödənilməsi ilə bağlı sənədləşmə qaydasını müəyyən edəcək, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını təsdiq edəcək və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edəcək;
  • Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin edəcək;
  • ixtisas imtahanının qaydasını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edəcək;
  • vəkillik fəaliyyətinin statistikasını aparacaq, təcrübəni ümumiləşdirəcək və vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayacaq;
  • vəkillərin həvəsləndirməsi qaydasını müəyyən edəcək və vəkillərin həvəsləndirilməsini həyata keçirəcək;
  • vəkillər barəsində intizam icraatı başladacaq və bu Qanunda nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edəcək;
  • vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edəcək;
  • Rəyasət Vəkillər Kollegiyası Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq edəcək;
  • Vəkillər Kollegiyasının regional qurumlarını (mərkəzlərini), hüquqi yardım mərkəzlərini və tədris mərkəzlərini yaradacaq, onların aparatlarının strukturunu, ştat cədvəlini, illik büdcəsini və işçilərin əməkhaqqını təsdiq edəcək;
  • Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların icrasının təmin edilməsi ilə bağlı Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətində monitorinqini aparacaq, onların nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edəcək;
  • vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini müəyyən edəcək;
  • Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edəcək;
  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edəcək;
  • vəkillərin fəaliyyətində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanununun tələblərinin pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görəcək;
  • vəkilin xidməti vəsiqəsinin təsviri və nümunəsini müəyyən edəcək;
  • bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edəcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarında qərarlar açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledici olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31