Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı çağırış etdi
19:02 Sosial1988-ci ildən Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşmüş, torpaqlarımızın 20 faizindən çoxu işğal olunmuş, Xocalı soyqırımı kimi faciələr baş vermişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağda dövlət suverenliyini tam bərpa etmişdir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və məskunlaşma prosesi həyata keçirilir. İnfrastrukturun sıfırdan qurulması, şəhər və kəndlərin yenidən salınması dövlətin siyasi iradəsinin, xalqımızın birliyinin bariz nümunəsidir. Bununla yanaşı, Ermənistan tərəfindən basdırılmış minalar və işğalın digər fəsadları qayıdış prosesini ləngidir.
Təəssüf ki, son dövrdə sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin məsuliyyətsiz açıqlamaları keçmiş məcburi köçkünlərə qarşı əsassız ittiham və qarayaxma kampaniyalarına yol açmışdır. Bu cür təxribatçı yanaşmalar nə insani, nə də hüquqi baxımdan qəbulolunandır. Qanunla tənzimlənən məskunlaşma prosesi hər kəsin hüquqlarını təmin edir; keçmiş köçkünlərin zorla evlərdən çıxarılması və ya ümumiləşdirici böhtanlarla təhqir edilməsi isə yolverilməzdir.
Qarabağ və Şərqi Zəngəzurun yeni həyatına kölgə salmaq istəyən hər bir təxribat cəmiyyətimizdə qarşıdurma yaratmaq məqsədi daşıyır. Bu səbəbdən, məcburi köçkünlərin ünvanına böhtan və nifaq xarakterli çıxışlar edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi tədbirlər görüləcəkdir.
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı bütün xalqımızı təxribatlara uymamağa, dövlətimizin həyata keçirdiyi quruculuq və məskunlaşma siyasətinə dəstək verməyə çağırır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dirçəliş məkanıdır və bu yolda xalqımızın birliyi, dözümlülüyü və həmrəyliyi əsas təminatdır.