Payız yağışı insan qəlbinin fəlsəfəsidir- ÖZƏL
12 Sentyabr 11:11 Sosial"Artıq fəsillərin ən gözəli, qızıl payız yol astanasındadır. Gəlişini təbiətin üzərinə nur pərdəsi kimi enən yağışla xəbər verir. Bu yağış nəinki torpağı isladır, həm də ruhumuzu təmizləyir, içimizdəki köhnə izləri yuyur, yeni duyğular üçün yer açır". Olaylar xəbər verir ki, bunu VHP sədrinin müavini Samir Əsədli seyib: "Təbiətin şıltaqlığı isə bu sehrin ayrılmaz parçasıdır. Dünən günəşin işığında nazik köynəkdə gəzdiyimiz küçələr bu gün eyni insanların qalın gödəkçələrinə şahidlik edir. Təbiətin əsrarəngiz gücü məhz bu dəyişkənliyindədir. Onunla mübarizə aparmaq mümkün deyil, çünki o, öz qanunları ilə yaşayır, nizamını özü qurur. Bizim işimiz isə o möcüzəni sevmək, duymaq, qəbul etməkdir.
Payız yağışı həyatın əsl rəmzidir o, torpağa nəfəs, ağaca güc, çiçəyə can verir. Sanki göylərdən süzülən hər damla insana bir ümid, bir sevinc, bir ruh təzəliyi bəxş edir.
Payız yağışı təbiətin musiqisidir, torpağın nəfəsi, yarpağın xışıltısı, buludların naləsi ilə birləşən möhtəşəm ahəngdir. İnsan bu səsin içində həm tənhalığını, həm də ümidini tapır.
Yağış dayananda sükut başlayır, lakin o damlaların izi torpaqda, ürəklərdə yaşayır. Hər kəs bilir ki, payızın göz yaşları yazın təbəssümünə aparan yolun başlanğıcıdır.
Ona görə də payız yağışı təkcə təbiətin yox, həm də insan qəlbinin fəlsəfəsidir, köhnəni yuyub aparır, yeniyə yol açır".