"Böyük Qayıdış" layihələri uğurla həyata keçirilir

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və  geniş quruculuq işlərinə başlanılıb. Məcburi köçkün soydaşlarımızın  doğma yurdlarına qaytarılmasını təmin etmək məqsədilə  Prezident İlham Əliyevin Sərəncamı ilə  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Eyni zamanda İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planı təsdiqlənib. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilib.
Artıq Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və öz doğma torpaqlarına qayıtmış soydaşlarımız üçün müasir şərait yaradılır. Azad edilmiş torpaqlarımıza mərhələ-mərhələ soydaşlarımızın qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əsas yaradır. Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Məhz həyata keçirilən yenidənqurma, təmir və bərpa işlərinin nəticəsi olaraq xeyli sayda vətəndaş işğaldan azad edilmiş ərazilərimizə geri dönüş ediblər. Son aylarda öz dədə-baba torpaqlarına qayıdan sakinlərin sayı xeyli artıb. Konkret olaraq avqustun 27-də doğma yurduna yola salınan köç karvanı  artıq Ağdam rayonunun Xıdırlı kəndindədir. Bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Həmçinin, sentyabrın 8-də  Xocalı rayonunun Xanyurdu kəndinə köç karvanı salınıb. Bu mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. Ardınca doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb. Bu mərhələdə köçürülən 105 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. Vəngli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. Yeri gəlmişkən qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Dövlət başçısı İlham Əliyevin Kəlbəcərə səfəri zamanı açılışını etdiyi və təməlini qoyduğu yaşayış binaları və iaşə obyektlərinin sayı sözügedən Dövlət proqramının hansı surətlə icra edildiyini təsdiq etmiş oldu. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündəki çıxışında bu hədəfə də diqqəti yönəldib ki, birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə vətəndaşların normal yaşamaları üçün yaradılan şəraitə diqqət çəkib: "Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə "Böyük Qayıdış" Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar. Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub".

Təbii ki, bu əminliyə əsas verən Azərbaycan dövlətinin qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Bugünkü reallıqlarımızı düzgün dəyərləndirmək üçün daim keçilən yola nəzər salmağa bir zərurət duyulur. Prezident İlham Əliyev sözügedən görüşdə  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün gerçəkliklərinə  diqqəti yönəldərək bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu,  bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Azərbaycan güclü ölkədir. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.
Azərbaycanın əsas amalının quruculuq işləri olduğunu xatırladan dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin davamlı olacağını əminliklə ifadə etdi: "Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram".
Xatırladaq ki, hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. "Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq. 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.  
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31