Sərnişinlərin seçim azadlığı əlindən alınır- ÖZƏL
10 Sentyabr 10:44 Sosial"Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur.Yəni, sərnişinlər və yola salanlar Bolt və ya Yango ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma geridönüş mütləq dövlətə məxsus taksiylə olacaq. Absurd bir qərardı". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun presidenti Osman Gündüz deyib:
"Düşünürəm ki, Aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur. Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir.
Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Ümid edirəm hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları Antiinhisar-ın diqqətini cəlb edəcək".